Milli Məclisin (MM) növbəti plenar iclası başlayıb. SİA-nın verdiyi məlumata görə, Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasda gündəlik təsdiqlənəndən sonra cari məsələlərin müzakirəsi başlayıb. MM-in bugünkü iclasının gündəliyinə ümumilikdə 23 məsələ daxil edilib. Məsələlərin böyük əksəriyyəti müxtəlif qanunlara əlavə və dəyişikliklər edilməsi layihələridir.
"İnformasiya əldə etmək haqqında", "Qiymətləndirmə fəaliyyəti haqqında", "Torpaq icarəsi haqqında", "Torpaq bazarı haqqında", "Su təchizatı və tullantı suları haqqında" qanunlara, həmçinin Mülki Prosessual Məcəlləyə, Meşə Məcəlləsinə, Torpaq Məcəlləsinə, Mülki Məcəlləyə, İnzibati Xətalar Məcəlləsinə, Vergi Məcəlləsinə, Mənzil Məcəlləsinə və s. qanunvericilik aktlarına əlavə və dəyişikliklər təklif olunur.
Ombudsmanın səlahiyyətləri artırılıb
Milli Məclisin iclasında Cəzaların İcrası Məcəlləsinə əlavələr edilib. Əlavələr Ombudsmanın və Milli Preventiv Qrup üzvlərinin cəzaçəkmə müəssisələrinə başçəkmələrinin keçirilməsi ilə bağlı olub.
Məcəlləyə edilən dəyişikliyə əsasən, İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) və Milli Preventiv Qrup üzvlərinin istənilən vaxt, maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən cəzaçəkmə müəssisələrinə daxil olmaq, orada saxlanılan şəxslərlə, habelə müvafiq məlumatı verə biləcək istənilən digər şəxslə təkbətək və ya zəruri saydığı halda mütəxəssisin və ya tərcüməçinin iştirakı ilə görüşmək və söhbət etmək, onların həmin yerlərdə saxlanılmasının qanuniliyini təsdiq edən, eləcə də həmin şəxslərlə rəftara və onların saxlanma şəraitinə aid olan bütün sənədlərlə tanış olmaq və surətlərini almaq, akt tərtib etmək, həyata keçirdikləri tədbirlərin gedişini və nəticələrini protokollaşdırmaq, cəzaçəkmə müəssisələrinin rəhbərliyi tərəfindən təxirə salınmadan qəbul edilmək, Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) isə cəzaçəkmə müəssisələrinin rəhbərliyinə müvafiq tövsiyələr vermək və həmin tövsiyələrə müəyyən edilmiş müddətdə cavablar almaq hüququ var.
Məcəlləyə edilmiş digər dəyişikliyə görə, Milli Preventiv Qrupa ünvanlanmış təklif, ərizə və şikayətlər senzuradan keçirilməyəcək və bir gündən gec olmayaraq (istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla) aidiyyəti üzrə göndəriləcək.
Ombudsmanın fəaliyyəti ilə bağlı \"İnformasiya əldə etmək haqqında\" qanuna da dəyişiklik edilib.
Qanuna edilmiş əlavəyə əsasən, sorğuçu informasiya sorğusunun icrasından imtina edilməsi və ya lazımınca icra olunmaması barədə məhkəməyə və ya insan hüquqları üzrə müvəkkilə (Ombudsmana) şikayət hüququna malikdir. Sorğunu icra edən informasiya sahibi sorğuçunun bu hüququnu ona izah etməli və cavabda qeyd etməlidir.
Seçki Məcəlləsinə dəyişikliklər edilib
Milli Məclis Seçki Məcəlləsinə dəyişikliklər edlib. Dəyişikliyə əsasən qeydə alınmış namizədlərin adlarının, eləcə də Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınmış referendum üzrə təşviqat qrupları barədə məlumatların açıqlanması üçün nəzərdə tutulan müddət 48 saatdan 24 saata endirilib.
Digər dəyişikliklə seçki komissiyasına seçkilərin gedişi zamanı daxil olan hər bir şikayət üzrə qərar 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa, 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq) dərhal qəbul edilir və şikayətçiyə çatdırılır.
Məcəllənin 112.11-ci maddəsinə edilmiş dəyişikliyə əsasən seçki komissiyalarının qərarlarından şikayətlərə məhkəmələr (bu Məcəllə ilə daha qısa müddət müəyyən edilməyibsə) 3 gün müddətində, səsverməyə 30 gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq) baxmalıdır. Məhkəmə qərarından yuxarı instansiya məhkəməsinə şikayət 3 gün müddətində verilə bilər.
112-1.10-cu maddəyə edilmiş dəyişikliklə şikayəti araşdıran ekspert Seçki Məcəlləsinin 112.10-cu maddəsində nəzərdə tutulmuş müddətdə rəy qəbul etməlidir. Əgər əlavə araşdırma tələb olunarsa, müvafiq seçki komissiyası bu barədə qərar qəbul edə bilər. Belə qərar şikayət daxil olduğu gündən 3 gün müddətində, səsverməyə 30 gündən az müddət qalarsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü isə dərhal qəbul edilməlidir. Əlavə araşdırma müddəti 3 gündən artıq olmamalıdır. 112-1.13-cü maddəyə təklif olunan dəyişikliklə ekspert rəyinin açıqlanma müddəti 6 saat azaldılıb. Belə ki, dəyişikliyə əsasən ekspert rəyi verildikdən dərhal sonra elan olunur və ya növbəti 18 saatdan gec olmayaraq dərc edilir (internet səhifəsində yerləşdirilir) və şikayətçiyə çatdırılır, yaxud göndərilir.
Seçki Məcəlləsinin 140-cı maddəsinə edilmiş dəyişikliyə görə, referendum yolu ilə qəbul olunmuş qərar və referendumun yekunları haqqında rəsmi elan referendum yolu ilə qəbul edilmiş aktın mətni ilə birlikdə səsvermə günündən ən geci 30 gün keçənədək Mərkəzi Seçki Komissiyası tərəfindən dərc edilir. Bundan əvvəl isə bu prosedur üçün 20 gün nəzərdə tutlmuşdu.
Bələdiyyə seçkilərinin yekunlarının elan edilməsini nəzərdə tutan 241-ci maddəyə edilmiş dəyişikliklə bələdiyyə seçkilərinin yekunlarının elan edilməsi üçün nəzərdə tutulan maksimum müddət 30 gündən 25 günə endirilib.
Həmçinin, parlament İnzibati Prosessual və Mülki Prosessual məcəllələrə əlavə və dəyişikliklər edib. Dəyişikliyə əsasən, seçki prosesində qeydə alınan pozuntulara baxılması inzibati məhkəmələrin səlahiyyətinə verilib.
Əlavələrə əsasən, seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı iddia ərizələri apelyasiya instansiyası məhkəmələrinə Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydada veriləcək.
Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsinə dair işlər üzrə daxil olmuş iddia ərizəsinə məhkəmə tərəfindən 3 gün müddətinə, səsvermə gününə 30 gündən az müddət qalırsa, 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş iddia ərizəsinə isə dərhal baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir.
Məhkəmə tərəfindən iddia ərizəsinə ərizəçinin, müvafiq seçki komissiyasının və ya digər maraqlı şəxslərin iştirakı ilə baxılır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş göstərilən şəxslərin məhkəməyə gəlməməsi işə baxılmasına və onun həll edilməsinə mane olmur.
İş üzrə yazılı formada tam məhkəmə qərarı onun nəticəvi hissəsinin elan olunduğu vaxtdan 24 saatdan, səsvermə gününə 30 gün qalmış və ondan sonra qəbul edilmiş qərarlar isə 18 saatdan gec olmayaraq təqdim olunmalıdır.
İş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 3 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər. Bu şikayətə 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa, 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş ərizələrə isə dərhal baxılmalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB