Bakı-Quba-Rusiya yoluna alternativ yol çəkilişi başlayıb

Bakı-Quba-Rusiya yoluna alternativ yol çəkilişi başlayıb

Bu gün Bakı-Quba Rusiya Federasiyası yolunun 157-ci km-də, Quba rayonun Nügədi Qazmalar kəndi ərazisində uçan Qaraçay körpüsünün bərpasına qədər alternativ yolun çəkilişlərinə başlanılıb. SİA-nın verdiyi xəbərə görə, tikinti işlərinə 30 ağır texnika və 50 canlı qüvvə cəlb edilib. Yolun bu gün axşam saatlarında hazır olacağı gözlənilir. Yeni yol istismara verilməmişdən əvvəl yoxlama işləri aparılacaq. Alternativ yolun çəkilməsilə paralel uçan körpünün detalları da söküləcək.

Xatırladaq ki, ötən gün uzunluğu 90 m olan beynəlxalq əhəmiyyətli Qaraçay körpüsünün 33 metri dağılıb. Nəticədə magistral yolda avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Aydəmir Manafovun sözlərinə görə, yağıntının çox olması və yaxınlıqda olan daş karxanalarının həmin körpünün uçan hissəsindən çınqıl və qum götürməsi nəticəsində onun bünövrəsi zəifləyib.

Hadisə baş verərkən "QAZel" markalı yük maşını çaya düşüb. "QAZel"in sürücüsü, Quba rayonu, İqriq kənd sakini, 1972-ci il təvəllüdlü Ülfət Nüsrət oğlu Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə