Azərbaycan prezidenti Ukrayna Ali Radasının nümayəndə heyətini qəbul edib

Azərbaycan prezidenti Ukrayna Ali Radasının nümayəndə heyətini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev aprelin 18-də Ukrayna Ali Radasının sədri Vladimir Litvinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

SİA-nın məlumatına görə, dövlət başçısı Azərbaycanla Ukrayna arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini və əməkdaşlığın yaxşı nəticələr verdiyini vurğulayıb. İqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğunu qeyd edən prezident parlamentlərarası əlaqələrin razılıq doğurduğunu deyib.

Ölkələrin parlament nümayəndə heyətlərinin beynəlxalq strukturlarda, o cümlədən Avropa Şurasındakı fəaliyyətinin əhəmiyyətini qeyd edən dövlətimizin başçısı bu yaxınlarda Avronest Parlament Assambleyasının sessiyasının Bakıda keçirilməsinin önəmini vurğulayıb. Prezident ölkə parlamentlərinin "Şərq tərəfdaşlığı" Proqramı çərçivəsində də uğurlu əməkdaşlıq etdiyini və bu əməkdaşlığın Azərbaycan-Ukrayna çoxtərəfli əlaqələrinin genişləndirilməsi işinə töhfə verdiyini deyib. Dövlət başçısı bu səfərinin uğurlu olacağına, ikitərəfli münasibətlərin daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminliyini bildirib.

Öz növbəsində, V.Litvin Ukraynanın ölkələr və xalqlar arasında əməkdaşlığın daha da dərinləşməsində maraqlı olduğunu vurğulayıb. O, Ukrayna ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə genişləndirilməsi, o cümlədən parlamentlərarası əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün yaxşı imkanların olduğunu qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə