Siyavuş Novruzov: \"Müxalifətin bu dəfəki piketi də iflasa uğrayacaq\" - MÜSAHİBƏ (Səs Tv)
Aprel ayının 22-də müxalifətin növbəti mitinqi keçiriləcək. Leninin ad günü ilə üst-üstə düşəcək mitinq müxalifətçilən növbəti iflas faktı olacaq. Mitinqdən gözləntilər və gənclərin müxtəlif siyasi aksiyalarda istifadə olunması haqda Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Səs Tv-yə müsahibəsi zamanı məlumat verib.
- Aprelin 22-də İctimai Palata adlandırılan qurumun növbəti mitinqi planlaşdırılır. Sizcə, bu mitinqin aprelin 22-si Leninin doğum günü ilə eyni gündə nəzərdə tutulması təsadüfdür, yoxsa müxalifətin \"jesti\"?
- Ümumiyyətlə, öncə müxalifətin mitinqlərinin mövsümi xarakter daşıdığını diqqətə çatdırmaq istəyirəm. Əgər fikir verirsinizsə, havalar soyuyanda müxalifət nümayəndələri belə cəhdlərlə çıxış etmirlər, lakin havalar bir az isinəndə mitinq eşqinə düşürlər. Havalar tam isinib yay gəldikdə isə mitinq fəsli yenidən bitəcək. Ölkə prezidentinin də qeyd etdiyi kimi, Azərbaycanda gedən sürətli inkişafı gözü götürməyən bir sıra dövlətlər var. Həmin dövlətlər ölkəmizdə baş tutacaq beynəlxalq tədbirlər, mədəniyyət festivalları, idman yarışları və digər hadisələri əngəlləmək, uğurlara mane olmaq istəyirlər. Burada erməni lobbisinin də, Azərbaycanda marağı olan dövlətlərin də əli var. Yəni Azərbaycanda keçirilməsi planlaşdırılan bütün mitinqlər də həmin məsələlərin tərkib hissəsidir. 22 apreldə keçiriləcək piketdən də gözləntilər sıfıra bərabərdir. Çünki cəmiyyətdə onlara inanan sosial baza yoxdur. Keçirilən piketlər sadəcə, Azərbaycanda gərginlik yaratmaq cəhdidir. Onlar öz ağıllarınca Azərbaycanda keçiriləcək \"Eurovision\" mahnı müsabiqəsinə kölgə salmaq niyyətindədirlər. Bütün dünya Azərbaycanın bu müsabiqə üçün hazırlıq işlərində qoyduğu əməyi, çəkdiyi zəhməti görür. 50 ilən artıq keçirilən bu tədbirə dünyada Azərbaycan qədər hazırlaşan ikinci bir dövlət olmayıb. Azərbaycan dəyərlərini, mədəniyyətini, Avropa ailəsinin üzvü olan, özündə islam dəyərlərini ən yüksək formada inkişaf etdirən bir xalq kimi özünü dünyaya nümayiş etdirir. Buna görə də müəyyən insanlar bəzi qüvvələrin təhriki ilə Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa çalışırlar. O ki qaldı Leninə, müxalifət nümayəndələri onsuz da Leninin ənənələri ilə yaşayıblar və bu gün də həmin ənənələri yaşatmağa çalışırlar, proletariatın dahi rəhbərinin tezislərindən mənəvi dəstək alırlar. Bolşevizmin gətirdiyi ruhu onlar indi Azərbaycana gətirməyə çalışırlar. Bolşeviklərin ideyalarını və etdiklərini təkrar edən müxalifət nümayəndələri də zamanında pinəçini rayon icra hakimi, \"dvorniki\" hansısa nazirliyə nazir müavini təyin edirdilər. Çünki onların ətrafına yığılan, fikirlərini dəstəkləyən kütlə elə bu şəxslərdən ibarət idi. Yəni müxalifətin sosial bazası o illərdən dağılmağa başlayıb. Hakimiyyətdən getmələrini ayrı-ayrı səbəblərlə əlaqələndirsələr də, bunun əsas səbəbi idarəçilik anlayışlarının olmaması idi. Onlar hakimiyyətə gələndə Azərbaycanda prezident, parlament sədri və baş nazir akademiyada laborant işləyirdilər. Bu üçlükdən hansı dövlətçilik siyasəti gözlənə bilərdi ki? Bu insanlar Azərbaycanı idarə etmək iqtidarında deyildilər. Bütün bunlarla yanaşı, Leninin onların ən əziz insanları olduğunu qeyd etmək istərdim. Onlar Leninə sitayiş edirlər, desək yəqin ki, hamı bunun həqiqət olduğuna şübhə etməz.
- İctimai palata mitinqlərdə daha çox canfəşanlıq edənlərdən ibarət "Emosiya" qrupu yaradıb. Bu məsləyə münasibətiniz?
- Təbii ki, bunlar şou xarakterli əməllərdir. Keçən mitinqdə də, bir nəfərə iki bayraq verilməsi, azyaşlı uşaqların əllərinə bayraq verilərək mitinqə cəlb olunması və bir sıra bu cür davranışlar elə hər şeyi aydın görməyə imkan verirdi. Onların partiya bayraqlarını əlində daşımağı özünə rəva biləcək adam olmadığından ümidləri balaca uşaqlara qalmışdı. Mitinqdə muzdlu iştirakçılar da çox idi. İndi də kiçik qruplardan istifadə etmək istəyirlər. Bu qrupların üzvləri də müxtəlif təhsil ocaqlarında oxuyan qohum-əqrəbalarıdır. Müxalifətin ideoloji təbliğat maşını olan qəzetlərdə və partiya dəhlizlərində gününü keçirən tərəfdarlarını bir yerə toplayıb onlardan xüsusi dəstələr - \"emosiya qrupları\" yaradıblar. Həmin qruplar aksiya zamanı qara-qışqırıq salmaq, yüksək səslə müxtəlif şüarlar səsləndirib mitinqçilərin çox olduğunu imitasiya etmək, bununla da xarici havadarlarının diqqətini cəlb etmək missiyasını daşımaq öhdəliyi götürüblər. Məlum məsələdir ki, bu piketin də digərlərindən heç bir fərqi olmayacaq və iflasa uğrayacaq. Çünki hakimiyyətin mənbəyi xalqdır. Xalq isə onlardan imtina edib, Azərbaycandan qovub, seçkilər zamanı öz sözünü deyib. Bundan sonra hansı dövlətə xidmət etsələr də, nə oyunlardan çıxsalar da heç bir xeyri olmayacaq. Çünki onlar ən vacib amil olan sosial bazadan məhrumdurlar. Vaxtilə boğazlarına narıncı ləçəklər bağlayır və ya fərqli zamanda əllərində qızılgüllərlə küçələrdə gəzirdilər. Xarici ölkələrdə gördükləri narıncı və qızılgül inqilabını Azərbaycana gətirmək istəyirdilər. Yəni müxalifət nümayəndələrinin özlərinə məxsus bir təfəkkürləri də formalaşmayıb ki, öz iradələri ilə addım atsınlar. Ancaq xarici ölkələrdə gördüklərini Azərbaycanda tətbiq etmək xəyalları ilə yaşayırlar, lakin onlar bilmirlər ki, zaman, məkan, ölkə, lider anlayışları çox fərqlidir. Hər yerdə gördüklərini əsla Azərbaycanda törədə bilməzlər. Çünki bu gün Azərbaycanda xalqla hakimiyyət arasında ciddi tarazlıq və gözəl əlaqə, etimad mövcuddur. Hər şeydən əvvəl xalqın onlara olan nifrətini unudurlar, ona görə də hər dəfə iflasa uğrmağa məhkumdurlar.
- İctimai Palataya alternativ olaraq yaradılan Milli Müqavimət Hərəkatının rəhbəri qeyd edib ki, İctimai Palatada təmsil olunan partiyaların liderləri artıq istefa verməlidir. Buna münasibətiniz necədir?
- Bu partiyaların tərkibini əvvəlki illərlə müqayisə etsək, bir sıra həqiqətləri görmüş olarıq. Bu gün Azərbaycan Xalq Cəbhəsi Partiyasında müavinlər Əli Kərimlinin sürücüsü, cangüdənləridir. Bu gün Müsavatda başqan yardımçıları vaxtilə köşə yazarları idi. Yəni Azərbaycan ictimaiyyətində tanınmayan, sayılmayan, heç bir əməyi olmayanlar indi müxtəlif vəzifələrdədir. Müxaliflər illərlə oyanmadan yatsalar, bəlkə hakimiyyəti onda yuxuda görərlər. Müxalifət üçün siyasət qazanc mənbəyidir. Onlar hardansa 5-10 manat pul alır, bunu da öz partiya liderlərindən gizlədirlər. Bu isə uzun çəkməyəcək. Onların özlərinə ümid yoxdur, heç olmasa gənclərə toxunmasınlar. Az da olsa Azərbaycan gənclərinin qanını belə mənəviyyatsızlıqlarla zəhərləməsinlər. Onları özləri ilə aparıb məhvə sürükləyirlər. Zamanla məhv olmuş gənclik isə onların özlərinə faydasız olacaq. Bu gün Azərbaycan xalqı bütün baş verənləri açıq-aydın izləyir və layiqli qiyməti verir, ona görə də bu boş cəhdlərdən əl çəkib yuxudan oyanmağın vaxtı çatıb artıq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB