Millət vəkili Gülər Əhmədova İstanbulda təşkil olunacaq beynəlxalq simpoziumda Yaxın Şərq mövzusunda məruzə ilə çıxış edəcək.
SİA-nın məlumatına görə, 20-22 aprel tarixində Türkiyənin İstanbul şəhərində "Dəyişən dünyada vətəndaşlıq və demokratiya tədrisində yeni yöntəmlər və problemlər" mövzusunda beynəlxalq simpozium təşkil olunacaq.
Avropa Birliyi, Avropa Şurası, Mərmərə Universiteti və digər qurumlar tərəfindən düzənlənən bu beynəlxalq simpoziumun əsas məqsədi son illər sosial elmlər, vətəndaşlıq tədrisində meydana gələn yeni tendensiyalar və problemləri araşdırmaq, yerli və beynəlxalq siyasətdə baş verən prosesləri nəzəri cəhətdən təhlil etməkdir.
Simpoziumun elmi şurasında Türkiyənin müxtəlif universitetlərindən, habelə ABŞ-ın Pensilvaniya Dövlət Universiteti, Missuri Universiteti, Florida Beynəlxalq Universiteti, Şərqi Miçiqan Universiteti, Ohayo Dövlət Universiteti, Böyük Britaniyanın Layçaster Universitetinin professor və müəllim heyəti təmsil olunub. Mərmərə Universitetində baş tutacaq bu nüfuzlu tədbirdə Azərbaycandan da iştirakçıların çıxışları gözlənilir. Beynəlxalq simpoziumda Respublika Uşaq Təşkilatının sədri, millət vəkili Gülər Əhmədova da məruzə ilə çıxış edəcək.
"Orta Doğuda küresel eğitimin vatandaşlık aşamaları" adlı məruzə ilə çıxış edəcək Gülər Əhmədova son zamanlar Yaxın Şərq ölkələrində cərəyan edən proseslərə toxunacaq, Yaxın Şərq ölkələrində qlobal təhsilin forlmalaşmasının mərhələlərini analiz edəcək.
Türkiyənin nüfuzlu Mərmərə Universiteti tərəfindən bu beynəlxalq elmi simpoziuma dəvət aldığını bildirən Gülər Əhmədova 21 aprel tarixində simpoziumda çıxış edəcəyini bildirib: "Bu simpoziumda iştirakım mənim üzərində çalışdığım doktorluq dissertasiyamın tərkib hissəsidir. Belə ki, doktorluq dissertasiyamın mövzusu siyasi psixologiyaya aid olduğundan adətən bu istiqamətdə təşkil olunan beynəlxalq elmi konfrans və simpoziumlarda iştiraka üstünlük verirəm. Mərmərə Universitetində isə Yaxın Şərq ölkələrindən danışacağam, bütün dünyanın gözü qarşısında baş verən hadisələrə, inqilab və vətəndaş qarşıdurmalarına baxış acımı ortaya qoyacam."
Eyni zamanda gələcək planları barədə məlumat verən Respublika Uşaq Təşkilatının sədri, millət vəkili Gülər Əhmədova elmi fəaliyyəti barədə ətraflı danışıb: "Bu il bir çox xarici səfərlərim gözlənilir. May ayında Türkiyənin Yıldız Teknik Universitetində uşaq hüquqları ilə bağlı bir çıxışım, ondan bir həftə sonra isə Ankara şəhərində təşkil olunan beynəlxalq konfransda digər bir çıxışım gözlənilir. Bu yaxınlarda Türk dövlətlərinin xarici siyasəti ilə bağlı bir kitabım işıq üzü görəcək. Bu kitab son illər apardığım araşdırmanın nəticəsi olaraq geniş oxucu kütləsinə təqdim ediləcək."
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB