Fazil Mustafa: “Meqafonlarla xalqa çağırış etmək təsirli üsul ola bilməz”- MÜSAHİBƏ-(SƏSTV)
Hazırda gündəmi məşğul edən məsələlərdən biri də \"Siyasi partiyalar haqqında\" qanuna dəyişiklər edilməsidir. Bu dəyişikliyə zərurət yaradan nədir? Qanunun müzakirə olunması üçün əsas şəraiti yaradan amillər və digər suallarımızı millət vəkili Fazil Mustafa cavablandırıb. Səs Tv-də yayımlanan "Həftəyə Baxış" verilişinin qonağı olan millət vəkili bütün məqamlara aydınlıq gətirməklə yanaşı son günlərdə müxalifət nümayəndələri tərəfindən keçirilən mitinqə də münasibət bildirib.
- Fazil müəllim, sizcə qanuna dəyişiklik edilməsinə həqiqətən də ehtiyac varmı?
- \"Siyasi partiyalar haqqında\" qanun 1992-ci ildə qəbul olunub. Bu müddətdən sonra müstəqil dövlət kimi Azərbaycanın ilk Konstitusiyası isə 1995-ci ildə qəbul olunub. Təbii ki, Konstitusiya qəbul olunduqdan sonra bütün qanunvericilik aktlarına yenidən baxılmalıdır. İlkin zərurəti yaradan elə məhz budur. İkinci bir tərəfdən artıq sürətlə inkişaf edirik. 20 il öncəki Azərbaycanla bugünkü Azərbaycanın istər siyasi həyatında, istərsə də inkişafında mühüm dəyişikliklər göz önündədir. Ona görə də siyasi partiyalarının işinin tənzimlənməsi, cəmiyyətdə yerlərinin daha dəqiq müəyyənləşdirilməsi baxımından bu dəyişikliyə ehtiyac var. 3 il öncə mən Milli Məclisə \"siyasi partiyalar haqqında\" qanun layihəsi təqdim etmişdim. Həmin layihədə 13 əlavə və dəyişiklik nəzərdə tutulmuşdu. Sonradan bu layihə komitəyə təhvil verildi və müzakirələr dərinləşməyə başladı. Qanunvericilik təşəbbüsü qaydasında Prezident Adminstrasiyası tərəfindən yeni qanun layihəsi təqdim olundu. Hazırda o qanunun müzakirəsi aparılır. Bəzi müddəaların öz əksini tapmamasına baxmayaraq, layihənin müzakirəyə çıxarılmasını həyatın və dövrün tələbi ilə əlaqələndirmək lazımdır. Bu qanun layihəsi qısa müddət ərzində partiyaların rolunun artmasına yaxından kömək edəcək. Ona görə də mən bu layihənin müzakirəsinə və qəbuluna müsbət yanaşıram.
- Öz əksini tapmayan müddəalar olduğunu dediniz. Hansı müddəalar sizi qane edir, hansılar isə əksinə?
-Bu qanun 1992-ci ildə qəbul olunsa da, hüquqi cəhətdən yanaşaraq bir hüquqşünas kimi deyə bilərəm ki, həmin qanun normal standartlara cavab verən kifayət qədər yetkin qanundur. Sadəcə mövcud həyatın reallıqları ilə uzlaşmır. Bu da zaman kəsiyi ilə əlaqədardır. Ona görə də dəyişikliklər edilməsi vacib idi. Çünki ilk növbədə partiyların yeri və rolu, partiyadaxili demokratiya məsələlərinə yenidən baxılmalı idi. Partiyaların fəaliyyətinin stimullaşdırılması, seçkilər zamanı daha aktiv iştirakını təmin edə bilmək üçün müəyyən müddalarda dəyişiklik vacib idi. Çünki bəzi partiyaların artıq məsuliyyətsiz qurum olmaqdan çıxmaq vaxtları çatıb. Onlar cəmiyyətin idarə oluna bilməsində müəyyən ideyalar irəli sürə biləcək siyasi quruluş səviyyəsinə çatdırılmalıdır ki, bunun üçün də yenə həmin qanun layihəsi vacibdir. Digər bir tərəfdən isə partiyaların dövlət tərəfindən dəstəklənməsi məsələsi də burada xüsusi önəm daşıyır. Bildiyiniz kimi, Azərbaycanda Qeyri Hökumət Təşkilatları, media quruluşları dövlət tərəfindən dəstəklənir. Lakin dünya ölkələrindən fərqli olaraq, yeganə quruluş partiyalardır ki, onlar dəstəklənmir. Partiyalar siyasi elitada bir-birini əvəz edən mexanizmlərdir. Əgər bu əvəzedicilikdə hansısa problem yaşanırsa, mütləq bu özünü ölkənin idarəolunmasında da açıq aşkar biruzə verir.
- Dünya ilə kiçik müqayisəyə toxundunuz. Maraqlıdır qərbdə, və ya qonşu Gürcüstanda, qardaş Türkiyədə partiyaların maliyyələşdirilməsi mexanizmi necə qurulub?
-Sistemin ilkin mərhələsi dövlətin parlamentdə fəaliyyət göstərən partiyalara dövlət dəstəyi verməsindən ibarətdir. Lakin sistemin ikinci mərhələsi daha əhəmiyyətlidir və xarici ölkələrdə daha çox ikinci mərhələyə üstünlük verilir. Bu isə seçki kampaniyalarının dəstəklənməsidir. Yəni faktiki olaraq seçki mərhələsinə iştirak etməyən partiyalar dövlətdən heç bir dəstək almır. Burada əsas məqsəd isə bütün partiyaların seçkilərdə aktiv iştirakını təmin etməkdir. Çünki seçki cəmiyyət həyatının gələcəyini müəyyən edən bir hadisə olduğundan, bu prosesdə partiyaların daha aktiv çalışa bilməsi üçün dövlət dəstək verir. Azərbaycanda da proposional seçki seistemi daha qabarıq önə çıxdıqda, partiyalar seçkilərə proqramla qatıldıqda ikinci mərhələyə keçid təmin olunacaq. Lakin hələlik ilkin mərhələ bizim diqqətimizdədir və arzu edirik ki, hər kəs tərəfindən müsbət hal kimi qiymətləndirilsin.
- Son olaraq, ötən günlərdə radikal müxalifət nümayəndələrinin mitinqi keçirildi. Buna münasibətiniz necədir?
-Təqdim olunan yerdə icazəli mitinq keçirilməsi halına müsbət yanaşmaq lazımdır. Lakin daha sivil və daha fərqli üsullara əl atmaqda fayda var. Bugün Azərbaycan cəmiyyəti mitinq mesajlarını içdən həzm edəcək təfəkkürdə deyil. Xalq inkişaf edib, insanlar hər şeyi aydın şəkildə görüb izləyə və özlərində fikir formalaşdıra bilirlər. 1990-cı illərdə işlək hal olan bu mitinqlər artıq eyni əhəmiyyəti daşımır. Ona görə də mitinq keçirmək nə qədər konstitusion haqq olsa da bunu müsbət qiymətləndirmirəm. Çünki daha fərqli üsullarla cəmiyyətə fikirlər çatdırıla, müəyyən müzakirələr aparıla bilər. Bunlardan ən başlıcası da elə KİV-lərdən istifadə etməkdir. Bu gün meqafonlarla xalq kütləsinə hansısa çağırışlar etmək o qədər də təsirli ola bilməz.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB