Asəf Hacıyev: “Tənqiddən söhbət gedərkən ilk növbədə əxlaq olmalıdır\"

Asəf Hacıyev: “Tənqiddən söhbət gedərkən ilk növbədə əxlaq olmalıdır\"

Azərbaycan jurnalistləri adından Avropa Yayım Birliyinə \"Eurovision-2012\" mahnı müsabiqəsində iştirak edən ölkələrə müraciət imzalanıb. Müraciətdə \"Eurovision- 2012\" mahnı müsabiqəsi ilə bağlı Azərbaycana qarşı yerli və xarici mətbuatda neqativ, obyektiv mövqeni əks etdirməyən yazıların dərc olunmasına etiraz edilir. SİA həmin müraciətlə bağlı millət vəkilləri Asəf Hacıyev, Jalə Əliyeva və \"Olaylar\" qəzetinin baş redaktoru Yunus Oğuzun rəyini öyrənib.

Millət vəkili Asəf Hacıyev: "Tənqiddən söhbət gedərkən ilk növbədə əxlaq olmalıdır. Əgər Azərbaycanda "Eurovision" mahnı müsabiqəsi keçirilirsə, bu hər vətəndaşımız üçün qürurdur. Axı, burda hansı tənqiddən söhbət gedə bilər? Kimi tənqid edəcəyik? Tənqid edəcəyik ki, niyə Azərbaycan qalib gəlib? Xarici mətbuata gəlincə isə onları anlamaq olmur. Onlar nəyi tənqid edəcəklər? Bu müsabiqə siyasi hadisə deyil. Mədəni hadisə olaraq ölkələr yaxşı mənada öz aralarında yarışırlar. Nəticə etibarı ilə də ortaya bir qalib çıxır. Azərbaycan kiçik bir dövlət olsa da son zamanlar baş verən proseslər nəticəsində dünya ölkəmizdə olan mədəniyyəti tanıyır. Bu da onu göstərir ki, dövlətimizin dərin və zəngin bir mədəniyyəti mövcuddur. Buna görə də keçən il müsabiqədə qalib gəldik. Bəziləri isə bunu siyasi durumlarla əlaqələndirirlər. Axı, müsabiqənin siyasətlə nə əlaqəsi var? Bəzən insan hüquqlarının bu mövzu ilə bağlayırlar. Bu yarışmanın lazımi şəkildə işıqlandırılması üçün Azərbaycan mətbuatının üzərinə böyük məsuliyyət düşür. Bu müsabiqədən istifadə edib Azərbaycanı dünyaya tanıtdırmalıyıq. Bizim ən böyük problemimiz Dağlıq Qarabağ məsələsidir. Hər zaman informasiya blokadasında olmuşuq. Zaman- zaman özümüzü göstərməyə başlamışıq. Bu müsabiqə vasitəsi ilə sülhsevər xalq olduğumuzu bir daha nümayiş etdirməliyik".

Millət vəkili Jalə Əliyeva: "Bildiyimiz kimi Avropaya səs salan "Eurovision" mahnı müsabiqəsinə Azərbaycanın ev sahibliyi etməsi olduqca böyük uğurdur. Müsabiqənin ölkəmizdə keçirilməsi bir çox cəhətlərdən önəmlidir. İlk olaraq Azərbaycanın bir daha öz adını və nüfuzu təsdiq etməsi, eyni zamanda Azərbaycanın dünyəvi ölkə olmasını, bizim sadəcə öz mədəniyyətimizə deyil, eləcə də digər dövlətlərin mədəniyyətlərinə açıq olduğunu sübut etmiş olur. Burada ağa qara demək xislətindən əl çəkmək lazımdır. Ölkənin ümumi maraqlarından, beynəlxalq nüfuzunun artmasından söhbət gedirsə əlavə sözlərə ehtiyac yoxdur. Burada şəxsi maraqlara rəvac lazım deyil. Bunun qarşılığında lüğətdə olmayan sözləri işlətmək düzgün deyil. Buna görə də jurnalistlərin müraciəti təqdir olunandır. İlk olaraq ölkə xaricindən daha çox daxili mətbuatımıza atılan çirkablar yol verilməzdir".

\"Olaylar\" qəzetinin baş redaktoru Yunus Oğuz: "Jurnalistlərin belə müraciəti olduqca gərəkli idi. Çünki dünyanın hər bir ölkəsində müsabiqənin aparıldığı ərəfədə qəzetlərə hər zaman daxili maratorium qoyulur. Bu maratoriumda müsabiqə bitənə qədər Azərbaycanın anti- təbliğatını dayandırırlar. Ancaq təəssüflər olsun ki, daxildə bəzi qəzet və jurnalistlər həm də onlara dəstək verən xarici amillər bunlara baxmır. Onların öz ölkələrində yazdığı, Azərbaycan əleyhinə yazdıqları hansısa bir məqaləni bizim yerli qəzetlərdə təbliğ edirlər. Bu da öz etibarı ilə Azərbaycanın ziyanınadır. Bu məqalədən sonra başqa ölkələr yenidən bu kimi əməllərə əl atırlar. Bütün bu səbəbdən də jurnalistlərin bu müraciətini alqışlayıram. Xarici mətbuatda Avropa yayım mətbuatı mövcuddur. Avropada Mətbuat Şurası vasitəsi ilə onlara müraciət edəcəklər. Təbii ki bu yalnız müraciətdir. Bunu birbaşa onlardan tələb edə bilmərik, inanıram ki, bu xahişimizi nəzərə alacaqlar".

Bütün xəbərlər Facebook səhifəmizdə