Xanhüseyn Kazımlı: “Partiyalar arasında maliyyə vəsaiti bölgüsünün partiya üzvlərinin sayına görə olmasını düzgün hesab etmirəm”
"Siyasi partiyalar haqqında" qanun layihəsinə əlavə və düzəlişlərin edilməsi Azərbaycan cəmiyyəti üçün olduqca vacibdir\". Bunu SİA-ya açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri, millət vəkili Xanhüseyn Kazımlı deyib. Azərbaycanda bu qanunun daha əvvəl qəbul olunduğunu deyən millət vəkili bildirib ki, ancaq ölkənin iqtisadi, sosial həyatında böyük tərəqqilər olduğu kimi, qanunlarda da yeniləşmə aparılmalıdır. Onun sözlərinə görə, amma bəzən bu və ya digər qanunun qəbul olunması üçün vaxtı uzadılır, bəlkə də unudulur, bu və ya digər obyektiv səbəblərə görə dayandırılır.
"Ancaq ölkə rəhbərliyi də "Siyasi partiyalar haqqında" qanun layihəsinə edilən dəyişiklərin qəbul edilməsinə böyük dəstək verir. Burada isə əsas məsələ bütün siyasi partiyaların maliyyələşməsi məsələsidir. Söhbət ictimai, siyasi, iqtisadi demokratiyadan gedirsə, burada hərtərəfli yanaşmaq və eyni gözlə baxmaq lazımdır. Bu da maliyyə təminatında əsasən özünü göstərməlidir. Bütün partiya rəhbərlərini maraqlandıran məsələ də maliyyə təminatı idi. Partiyaları narahat edən məsələ ondan ibarətdir ki, siyasi partiyaların normal fəaliyyəti üçün dövlət tərəfindən maliyyələşməlidir. Elə partiyalar var ki, ianələr alaraq onların təsiri altına düşürlər. Amma almayanlara, o cümlədən partiyaların kənardan ianə almaması üçün dövlət tərəfindən mütləq dəstək lazımdır. Dövlət də bununla razılaşıb və qanunda bu müddəalar öz əksini tapıb. Partiyalar arasında maliyyə vəsaitinin bölgüsü yalnız partiya üzvlərinin sayına görə daha çox olmasını düzgün hesab etmirəm. Çünki hər bir partiyanın idarə aparatı var, onun 30 min də üzvü olsa, 200 min üzvü olsa da onu saxlamaq lazımdır. Ola bilər ki, üzvlərinin sayı çox olan partiyaların xərcləri artıq olsun. Amma bu o demək deyil ki, əgər bir partiya üzvlərinin sayı digərindən 5 dəfə artıqdırsa, deməli onun dövlət tərəfindən nəzərdə tutulan vəsaitdən 5 dəfə artıq götürülməlidir. Bu da düzgün deyil. Bütün bu amillər nəzərə alınmalıdır. Siyasi partiyaların ahəngdar fəaliyyəti üçün normal şəraitin yaradılması cəmiyyətə xidmət üçün ən mühüm şərtlərdən biridir", - deyə X.Kazımlı əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB