Partiya sədri: “Üç faiz səs toplamaq prinsipi partiyalar arasında narazılıqlara səbəb ola bilər”

Partiya sədri: “Üç faiz səs toplamaq prinsipi partiyalar arasında narazılıqlara səbəb ola bilər”

"Siyasi partiyalar haqqında" qanuna dəyişikliklər Azərbaycanda siyasi islahatların tərkib hissəsi kimi qiymətləndirilə bilər\". Bu sözləri SİA-ya açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Məmməd Əlizadə deyib. Onun sözlərinə görə, yeni qanun həm partiyaların formalaşması istiqamətində, həm də partiyaların dövlətlə xalq arasında vasitə kimi inkişafında önəmli rol oynaya bilər: "Qanun olduqca vacibdir və vaxtında atılan addımdır. Hesab edirəm ki, bu qanun cəmiyyət quruculuğunda önəmli rol oynayacaq".

Eyni zamanda DADP sədri partiyaların dövlət tərəfindən maliyyəşdirilməsi mexanizmi ilə də razılaşmadığını bildirib: "Burada partiyaların maliyyələşməsində ədalətə söykənən addım atılmalıdır. Qanunda partiyaların maliyyələşməsi zamanı isə parlament təmsilçisi olanlarla yanaşı, seçicilərin 3 faizlik səsini almış, ancaq parlamentə düşməmiş partiyaların da nəzərə alınması barədə müddəa var. 3 faiz səs toplamaq prinsipi partiyalar arasında narazılıqlara səbəb ola bilər. Hesab edirəm ki, 3 faiz düzgün ədalətli prinsipə söykənmir. Çünki 3 faiz səsin yığılması hardasa 76-78 min səs deməkdir. Hansı ki, parlamentdə partiya mənsubiyyətinə görə təmsil olunan elə partiyalar mövcuddur ki, 7 min, 8 min səslə parlamentdə təmsil olunublar. Bu isə o deməkdir ki, 3 faiz ədalət prinsipinə söykənməyəcəkdir".

M.Əlizadə hesab edir ki, parlamentə mütəmadi iştirak edən partiyaların keçid dövrü üçün maliyyələşməsi doğru olardı. Eyni zamanda rəqabətin aparılması üçün bərabər şəraitin yaradılması da vacib amillərdəndir.

Bütün xəbərlər Facebook səhifəmizdə