Sulutəpədə kimlərin evi sökülməyəcək?

Sulutəpədə kimlərin evi sökülməyəcək?

"2005-ci ildə neft üzrə hasilatın pay bölgüsü ilə bağlı qanun qüvvəyə mindikdən sonra ona uyğun olaraq Sulutəpədə quyuların qazılması üzrə işlərin 70 faizi məhdudlaşdırılıb". SİA-nın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Hüquq idarəsinin rəisi Eldar Orucov Sulutəpədə jurnalistlərə verdiyi açıqlamasında bildirib. Onun sözlərinə görə, artıq yeni quyuların qazılması imkanı yox dərəcəsindədir. Belə ki, vətəndaşlar tərəfindən neft-qaz hasilatı yerlərində torpaqların qanunsuz olaraq zəbt edilməsi yeni quyuların qazılması imkanını məhdudlaşdırır. O həmçinin qeyd edib ki, "Binəqədi Oil" və podratçı şirkət tərəfindən dəfələrlə bununla əlaqədar müraciət olunub: "Hazırda bu məsələ ilə əlaqədar 3 min iş məhkəməyə təqdim olunub. 7 min iş isə artıq yekunlaşıb. Ümumilikdə məhkəməyə 15 min iş verilib. Dövlət Neft Şirkəti ilə məhkəmə icraçıları arasında da bu məsələlərlə bağlı tez-tez danışıqlar aparılır. Belə ki, bəzi vətəndaşlara kompensasiyaların verilməsi müzakirə edilir".

Eldar Orucov əlavə edib ki, yeni quyuların qazılmasında müasir texnikalardan istifadə olunur, lakin vətəndaşlar qanunsuz olaraq həmin yerləri zəbt etdiyindən həmin ərazilərə də texnikaların gəlməsi qeyri-mümkün olub.

"Tikintidə artıq məskunlamış insanların evləri sökülməyəcək. Lakin hələ heç kəsin məskunlaşmadığı və bünövrəsi təzə qoyulmuş yeni tikililər söküləcək. Bu iş məhkəmənin qərarı ilə həyata keçiriləcək",-deyən idarə rəisi qeyd edib ki, son 1 il ərzində ərazidə xeyli sayda yeni ev tikilməyə başlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə