Türkiyənin 7-ci prezidenti həbs olunmayacaq

Türkiyənin 7-ci prezidenti həbs olunmayacaq

Türkiyə məhkəməsi 1980-cil il hərbi çevrilişində şübhəli biliən 2 yüksəkrütbəli şəxsin istintaq müddətində həbs olunması tələbini rədd edib. Məhkəmə Türkiyənin 7-ci prezidenti general Kənan Evren və Hava Qüvvələri komandiri general Tahsin Şahinkaya barəsində ölkəni tərk etməməklə bağlı qərarı yetərli hesab edərək, onların həbs olunması tələbini qəbul etməyib. İttiham olunan şəxslər - Kənan Evren və Tahsin Şahinkaya səhhətlərindəki problemlərlə əlaqədar məhkəmədə iştirak etməyiblər.


İstanbul Vəkillər Assosiasiyasının nümayəndəsi Ömər Kəbir bildirib ki, dünyanın heç bir yerində dövlət çevrilişi etməkdə şübhəli bilinənlər həbs olunmadıqları müddətdə mühakimə olunmurlar. Kənan Evrən və Tahsin Şahinkayanın ölkəni tərk etməyə icazələri olmasa da, Türkiyədə sərbəst hərəkət edə bilərlər.


Məhkəmə 1980-ci il qruplaşmasının üzvləri ilə pis davranılması və onlara əziyyət verilməsi ilə bağlı ittihamların araşdırılması üçün yeni istintaq və məhkəmə prosesinə icazə verib. Məhkəmə həmçinin üçüncü tərəfin məhkəmə prosesinə cəlb edilməsinə də qərar verib. Bu isə Türkiyə Parlamenti, Baş Nazirlik və müxalif Cümhuriyyət Xalq partiyasına iştirak etməyə imkan verəcək. Məhkəmə aprelin 16-da üçüncü tərəfin cəlb edilməsi ilə bağlı əlavə addımlar atacaq. Növbəti məhkəmə işi isə mayın 11-ə təyin edilib.


Qeyd edək ki, 94 yaşlı Evren və 86 yaşlı Şahinkaya çevrilişdə şübhəli bilinən qrupdan sağ qalan yeganə şəxslərdir. Kənan Evren insan hüquqlarının kütləvi şəkildə pozulması və siyasi azadlıqların məhdudlaşdırılması ilə nəticələnən 12 sentyabr 1980-ci il hərbi qruplaşmasına rəhbərlik edib. Onlar hərbi yolla Türkiyə Cümhuriyyəti parlamentinin buraxılmasına və hökuməti devirməyə cəhddə ittiham olunurlar və ömürlük həbs cəzasına məhkum edilə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə