Qar uçqunu altında qalan 3 gəncin axtarışları dayandırılıb

Qar uçqunu altında qalan 3 gəncin axtarışları dayandırılıb

Böyük Qafqaz sıra dağlarının Qəbələ rayonu ərazisindəki "Qoç yaylağı" adlanan ərazisində baş verən qar uçqunu altında qalan Vəndam kənd sakinlərinin axtarışları dayandırılıb.


SİA xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal-Qərb regional mərkəzinin rəisi Azad Zeynalov bildirib ki, havanın temperaturu yüksəldiyindən qar əriməyə başlayıb, uçqun təhlükəsi yaranıb. Bu səbəbdən axtarışlara fasilə verilib.


Qeyd edək ki, Martın 30-da səhər saat 6-da evdən çıxan və "Qoç yaylağı"na ov etmək və qutab üçün dağ göyərtisi yığmağa gedən 1992-ci il təvəllüdlü Elvin Muxtar oğlu Kərimov, 1990-cı il təvəllüdlü Nazir Tahir oğlu Bayramov və 1991-ci il təvəllüdlü Zakir Qəzənfər oğlu Məmmədov geri qayıtmayıblar. Onların qar uçqununa düşdükləri ehtimal edilir. Axtarışlara FHN-in Aviasiya dəstəsinin helikopteri, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri və xüsusi təlim keçmiş itlər cəlb olunub.


"Qoç yaylağı" Vəndam qəsəbəsindən 25 kilometr şimal-şərqdə, dəniz səviyyəsindən 2500 metr hündürlükdə yerləşir. Ərazidə baş verən qar uçqunu nəticəsində uzunluğu təxminən 450 metr, hündürlüyü 8 metr olan qar yığıntısı əmələ gəlib. Ərazi çox təhlükəli hesab olunur. Bir neçə dəfə mal-qara sürüsü orada qar uçqununun altında qalaraq tələf olub.

Bütün xəbərlər Facebook səhifəmizdə