Məlahət İbrahimqızı: \"Faşistlərin törətdiyini ermənilər artıqlaması ilə Dağlıq Qarabağda, Xocalıda törədiblər\" - MÜNASİBƏT
- Ölkəmizin Avronest Parlament Assambleyasının plenar iclasına ev sahibliyi etməsini necə qiymətləndirilir?
- Bəli, aprelin əvvəlində Azərbaycanda Avronest Parlament Assambleyasının ikinci plenar iclası keçirildi. Bu Azərbaycan üçün ilk tarixi hadisə oldu. Bildiyiniz kimi, Avronestin tərkibinə 7 Avropa ölkəsi, "Şərq Tərəfdaşlığı"-nın tərkibinə isə Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus, Ermənistan daxildir. Lakin Belarusun iştirakı müəyyən səbəblərə görə hələlik uzadılır. Bu ölkələr arasında tədbirin Azərbaycanda keçirilməsi böyük uğur və ölkəmizə göstərilən etimad, dövlət siyasətinə verilən qiymətdir. Tədbir çox yüksək səviyyədə keçirildi. Bunu Avropa Birliyinə üzv olan dövlətlərin nümayəndələri, Avronestin rəhbərləri, müxtəlif Avropa ölkələrinin rəsmi nümayəndələri də öz çıxışlarında dilə gətirdilər. Bu cür tədbirlərin Azərbaycanda keçirilməsinin mühüm əhəmiyyətlərindən biri də möhtərəm prezidentimizin də çıxışında ifadə etdiyi kimi, "100 dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır" fikrinin öz təsdiqini tapmasıdır. Mən qeyd etmək istəyirəm ki, Almaniyanın Avropa Birliyindəki təmsilçisi ilə iclasdan kənar da şəxsən görüşüb söhbətlər etmişəm. O söhbətimiz çərçivəsində də dəfələrlə qeyd etdi ki, Azərbaycana ilk dəfədir gəlir və böyük bir təəccüb içərisindədir. Ölkəmizdə gedən inkişaf, müasirlik, Azərbaycan mədəniyyəti onu sözün əsl mənasında heyran qoyub. Bizi İranla müqayisə etdiyini deyən almaniyalı qonaq Azərbaycan qadının ictimaiyyətdəki fəallığı qarşısında çaşdığını da ifadə etdi. Bir çox ölkələrin millət vəkilləri ilə söhbətlərimiz zamanı onlardan Azərbaycanı Avropa ölkələrindən nə ilə fərqləndirdiklərini soruşdum, lakin hamısı ayrılıqda Azərbaycanı müasir Avropa ölkəsi adlandırdılar və bu da təbii ki, bizim uğurlarımızın artıq hamı tərəfindən qəbul edildiyinə bir işarədir. Avronestin iclasları sayəsində Azərbaycanın dövlətçilik siyasətinin əsas mahiyyəti aşkar edildi. Bu gün Azərbaycanda yəhudi, rus, gürcü, hətta ermənilər belə yaşayır. Bütün bunlar da başqaları tərəfindən danılan tolerantlığımızın bariz nümunəsidir. İştirakçıların bir çox həqiqəti öz gözləri ilə görməsi nə qədər təəccüb doğursa da, bir o qədər də xoş təsir oyatmışdı. Bütün bunlar ermənilərin yüz illər boyu Azərbaycana qarşı yeritdikləri təbliğatın sındırılması, məhv olunması idi. Tarix boyu azərbaycanlılar tərəfindən zorakılığa məruz qaldıqlarını iddia edən ermənilər bu tədbirdə çox pis vəziyyətdə qaldılar. Çünki önəmli nümayəndələr Azərbaycanda bugün də ermənilərin yaşadığını, kilsələrin fəaliyyət göstərdiyini və insanların istədikləri dinə rahatlıq və təhlükəsizliklə sitayiş edə bildiyinin şahidi oldular. Bu isə onların yalanların ifşası demək idi. Ona örə də Avronest Parlament Assambleyasının ikinci sessiyasının Bakıda keçirilməsi son dərəcə yüksək qiymətləndirilir. Bu, bir sözlə Azərbaycanın tarixi uğuru idi.
- Tədbirdə Azərbaycan prezidenti İlham Əliyevin çıxışı ölkə həqiqətlərinin dünyaya çatdırılması baxımından necə qiymətləndirilir?
- Tədbirin möhtəşəm keçməsinin ən mühüm məqamı ölkə prezidenti İlham Əliyevin sessiyanın açılışında çıxış etməsi oldu. Dövlət başçısı çıxışı zamanı bir növ Azərbaycanın təqdimatını keçirdi. Prezidentimizin faktlara söykənən təqdimatının ölkəmizdə keçirilməsi isə xüsusi əhəmiyyət kəsb edirdi. Çünki, bu təqdimat xarici ölkələrin birində edilsəydi, bu sadəcə sözdə olardı. Lakin ölkə başçısının çıxışında öz əksini tapan bütün həqiqətlərin göz qabağında olması, Azərbaycanın istənilən sahələrdə inkişafı və bunun nümayəndələr tərəfindən görülməsi daha fərqli məna daşıyırdı. Bildiyiniz kimi, Şərq tərəfdaşlığına daxil olan hər bir ölkənin 10 nəfər daimi, 10 nəfər isə müvəqqəti üzvü var. Ermənistanın daimi üzvlərinin hamısı bu iclasda iştirak etdi. Xüsusilə, qeyd etmək istərdim ki, ermənilər iclasda aqressiyaları ilə seçilirdilər, bunu da artıq bütün dünya mətbuatı müzakirə edir. Prezident İlham Əliyev Ermənistan prezidentinin yeritdiyi siyasət nəticəsində həyata keçirilən işğal faktını, Qarabağda baş verən vandalizmi, vəhşiliyi bütün incəliklərinə qədər çıxışı zamanı şərh etdi.
- Sessiyada iştirak edən erməni deputatların iddiasına görə, Bakıda onlara qarşı çıxışlarda sui-istifadə halları olub. Bu iddianı necə qiymətləndirirsiz?
- Dövlət başçısı Xocalıda törədilənləri faşizmlə müqayisə etdi. Bu çıxış isə ermənilərin təbii ki, heç xoşuna gəlmədi. Tarix boyu riyakarlıqları ilə seçilən ermənilər üzləşdikləri həqiqətləri heç cür həzm edə bilmədilər. Hətta iclasda özlərini toplamağa çalışaraq prezidentin çıxışına qarşı çıxmağa çalışdılar. Onlar məhz cənab prezidentin adını dillərinə gətirə bilmədiklərindən Azərbaycan rəsmisinin erməni xalqını faşistlərlə müqayisə edərək nümayəndə heyətini təhqir etdiyini bildirdilər. Nümayəndə heyətinin rəhbəri və üzvləri iclasın rəhbərlərinə və Avronestin prezidentlərinə etirazla müraciət etdilər. Onlar dövlət başçısının çıxışının bütünlüklə protokola daxil edilməsini tələb etdilər, amma bu sadəcə gülməli idi. Çünki ölkə prezidentinin elə möhtəşəm çıxışı, əlbəttə, prokolda qeyd olunacaqdı. Lakin mən orada erməni nümayəndə heyətinin çıxışına dözə bilmədim və lazımi cavabı onlara çatdırdım. Bildirdim ki, erməni nümayəndə heyəti öz hissslərinə qapılaraq insan hüquqlarından danışırlar. Bu barədə mən tamamilə onlarla razıyam və fikirlərini tam dəstəkləyirəm. Lakin xatırladım ki, ilk olaraq beynəlxalq hüquqlara hörmət etməliyik. BMT, NATO, ATƏT kimi təşkilatların qəbul etdiyi sənədlərdə Ermənistan işğalçı dövlət kimi tanınırsa ilk olaraq bu hüquqa ermənilərin hörmət etməsi lazımdır ki, sonra hansısa insan hüququndan danışa bilsinlər. Faşizmə bənzədilmədə isə heç bir günah axtarmalı olmadıqlarını da diqqətə çatdırdım. Yəni II Dünya Müharibəsində faşistlərin törətdiyi bəşəri cinayətlə ermənilərin törətdiyi vəhşiliyin heç bir fərqi yoxdur. Yəni faşistlərin törətdiyini ermənilər artıqlaması ilə Dağlıq Qarabağda, Xocalıda törədiblər. Bu sözlərim erməni nümayəndə heyətini sözün əsl mənasında susdurdu və onlar heç bir kəlmə belə demədilər. Onlar çıxışlarında faşist adlandırıldıqlarını bəyan etsələr də hər halda oturub sonuna qədər fikirləri dinləmələri və şəxsən mənim onlara cavabımın qarşısında susmaları da faşist olduqlarını, bunu da yaxşı bildiklərini sübut etdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB