Bakı İstedadlar Məktəbinin təməlqoyma mərasimi keçirilib-YENİLƏNİB

Bakı İstedadlar Məktəbinin təməlqoyma mərasimi keçirilib-YENİLƏNİB

ARDNŞ prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyi nümayəndələrinin iştirakı ilə Bibiheybətdə, neftlə çirklənmədən təmizlənmiş ərazidə Bakı İstedadlar Məktəbinin təməlqoyma mərasimi keçirilib. SİA-nın xəbərinə görə, R.Abdullayev və mərasim iştirakçıları məşhur ingilis məktəbləri tipində inşa olunacaq məktəbin sxemi, texniki göstəriciləri və hazır olduqdan sonrakı vəziyyətini əks etdirən maketlə tanış olub, inşaat işləri üçün istifadə olunacaq texnika və avadanlıqlara baxış keçiriblər. Mərasimdə İngiltərənin tanınmış "Gabbitas" Məsləhətçi Təhsil şirkərinin təmsilçiləri, məktəbin direktoru vəzifəsinə keçirilən beynəlxalq müsabiqənin qalibi Qrem Pollok, məktəbəqədər təhsil bölməsinin və ibtidai təhsil bölməsinin rəhbəri vəzifələrinə elan olunmuş müsabiqənin qalibləri Alisan Kuk və Kiz Cekson, eləcə də memarlar və inşaat mütəxəssisləri iştirak ediblər. DNŞ-nın prezidentinə məlumat verilib ki, bütün dünyada mövcud olan ingilis məktəbləri sisteminə uyğun şəkildə inşa olunacaq 1200 şagird yerlik Bakı İstedadlar məktəbində məktəbəqədər, ibtidai və orta təhsil bölmələri fəaliyyət göstərəcək. Bildirilib ki, məktəbəqədər təhsil bölməsində 3 yaş qrupunda 75-100 nəfər uşağın artıq bu ildən qəbulu nəzərdə turulur. Tələbatın artacağı təqdirdə 4 və 5 yaşlı uşaqların 2012-ci ilin sentyabrında və ya 2013-cü ilin yanvarında məktəbə qəbulu həyata keçiriləcək. Daha sonra məktəbin təməlinin qoyulması həyata keçirilib, ARDNŞ prezidenti Rövnəq Abdullayev binanın özülünə ilk betonu töküb. Qeyd edək ki, bu günlərdə Bakı İstedadlar Məktəbinin direktoru, ibtidai təhsil, eləcə də məktəbəqədər təhsil bölməsinin rəhbərləri vəzifələrinə təyin olunacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə