Ədliyyə naziri Avropa Şurasının təmsilçiləri ilə görüşüb

Ədliyyə naziri Avropa Şurasının təmsilçiləri ilə görüşüb

Bu gün Ədliyyə naziri Fikrət Məmmədov ölkəmizdə səfərdə olan Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin Monitorinq Qrupunun üzvləri ilə görüşüb. Ədliyyə Nazirliyindən SİA-ya verilən məlumata görə, Azərbaycanın yerli özünüidarəetmə sahəsində Avropa Şurası ilə səmərəli əməkdaşlığından danışan Fikrət Məmmədov respublikamızda ən gənc təsisat olan bələdiyyələrin fəaliyyətinin yaxşılaşdırılması, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, onların səlahiyyətlərinin genişləndirilməsi ilə bağlı görülən işlərdən söz açıb, bələdiyyə assosiasiyalarının yaradılmasında və inkişafında Konqresin fəal dəstəyini xüsusi qeyd edib.

Monitorinq Qrupunun rəhbəri, Niderlandın Katviyk şəhərinin meri Yos Vinen Monitorinq Qrupunun missiyası barədə məlumat verib. Onun sözlərinə görə, səfərin məqsədi yerli özünüidarəetmə sahəsində vəziyyəti öyrənmək və bələdiyyə institutunun inkişafına yardımçı olmaqdır. Monitorinq Qrupunun üzvləri ölkəmizin Konqreslə əlaqələrindən məmnunluğunu ifadə etmiş, bələdiyyələrin inkişafı üzrə görülən işləri dəyərləndirib, həyata keçirilən tədbirlərə Konqresin bundan sonra da dəstək göstərməyə hazır olduğunu nəzərə çatdırıblar. Görüşdə Monitorinq Qrupunun üzvlərinin diqqəti Dağlıq Qarabağ münaqişəsi, torpaqlarımızın 20 faizinin işğalı və 1 milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi faktlarına cəlb edilib. Görüşdə səmərəli fikir mübadiləsi aparılıb, bələdiyyələrin müstəqilliyi, icra hakimiyyətləri ilə qarşılıqlı əlaqələr və maraq doğuran digər suallar ətraflı cavablandırılıb.

Tədbirdə Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri K.Yerokostopulos da iştirak edib.


Bütün xəbərlər Facebook səhifəmizdə