Ştefan Füle: “Biz mütləq Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmalıyıq”

Ştefan Füle: “Biz mütləq Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmalıyıq”

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti və genişlənmə məsələləri üzrə komissarı Ştefan Füle ilə görüşüb.


SİA-nın verdiyi xəbərə görə, Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin inkişafı, regional məsələlərin (Suriya, İran) müzakirə olduğu görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və bu prosesə dəstək vermək üçün etimad mühitinin yaradılmasına dair Avropa İttifaqının təklifləri də müzakirə edilib.


Hazırda prioritet məsələ olaraq Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə toxunan Ştefan Füle bildirib ki, iki il əvvəl Azərbaycanda məcburi köçkünlərin məskunlaşdığı düşərgəyə baş çəkdiyini hələ də unutmur: "Biz mütləq Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmalıyıq".


Görüş zamanı Azərbaycana son səfərindən sonra bəzi sahələrdə tərəqqi müşahidə etdiyini qeyd edən Ştefan Füle Bakıda Avronest Parlament Assambleyasının 2-ci plenar sessiyasının yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb.


Rəsmi qonaq "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində Azərbaycanla Avropa İttifaqı arasında münasibətləri inkişaf etdirmək üçün böyük potensialın olduğunu bildirib. Komissar həmçinin qeyd edib ki, "Eurovision" müsabiqəsi dünya ictimaiyyətinin diqqətini Azərbaycana yönəldəcək.


Bundan əlavə qonaq eyni zamanda son vaxtlar Aİ-nın Azərbaycanla bağlı verdiyi bəyanatlarda əks olunan narahatlığa da toxunub.


İlkin Nəcəfli

Bütün xəbərlər Facebook səhifəmizdə