Millət vəkili: “Leyla Yunusun fikirləri heç bir həqiqəti özündə əks etdirmir”

Millət vəkili: “Leyla Yunusun fikirləri heç bir həqiqəti özündə əks etdirmir”

"Bakıda keçirilən Avronest Parlament Assambleyasının Sosial Məsələlər, Təhsil, Mədəniyyət və Vətəndaş Cəmiyyəti Komitəsinin iclasında çıxış edən Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusun fikirləri heç bir həqiqəti özündə əks etdirmir". SİA-nın məlumatına görə, bunu millət vəkili Məlahət İbrahimqızı deyib. Onun sözlərinə görə, konstitusiya ölkədə insan hüquq və azadlıqlarının qorunmasının əsasını təşkil edir. Belə ki, ölkənin demokratikləşdirilməsi sahəsində aparılan islahatların sırasında Azərbaycanın hüquqi sisteminin Avropa İnsan hüquqları Konvensiyası və digər vacib beynəlxalq sənədlərdə təsbit edilmiş beynəlxalq standartların tələblərinə uyğunlaşdırılması istiqamətində atılan addımlar mühüm yer tutub: "İnsan hüquqlarının təmin edilməsi sahəsində mühüm addımlardan biri də Azərbaycanda insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının qəbul edilməsi olub. Bir sıra dövlət qurumlarının təklifləri əsasında hazırlanmış Milli Fəaliyyət Planı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 28 dekabr tarixli 1889 saylı Sərəncamı ilə təsdiq edilib. Ölkəmiz insan hüquqları sahəsində əsas beynəlxalq sənədlərə qoşulmaqla yanaşı, onlardan irəli gələn müddəaların həyata keçirilməsi istiqamətində beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Bu təşkilatların sırasında BMT-nin insan hüquqlarının təşviqi və müdafiəsi sahəsində fəaliyyət göstərən müxtəlif qurumları, ATƏT, Avropa Şurası və Avropa İttifaqı mühüm yer tutur. Həmçinin insan hüquqlarının təşviqi və müdafiəsi sahəsində Azərbaycan hökuməti ilə BMT-nin İnsan hüquqları üzrə Ali komissarlığı arasında səmərəli əməkdaşlıq qurulub\".

Leyla Yunusun Bakıda 60 min insanın evinin sökülməsi barədə deyilənlərinə gəlincə millət vəkili: " Leyla Yunusun evinin qərəzlə sökülməsi fikirləri də absurddur. Bu gün paytaxtda yeni parklar salınır, yollar çəkilir, yaşayış və ofis kompleksləri ucaldılır. Bütün məhəllə şəhərin abadlaşdırılması məqsədi ilə sökülür. Eyni zamanda həmin insanların ev, yaxud torpaqla təminatı müzakirə olunur. Bütün bunların fonunda bir nəfərə qarşı qərəzdən necə danışmaq olar? Bütün bunları yalnız Azərbaycanda baş verən bütün müsbət hadisələrə qara yaxmaq cəhdi kimi dəyərlədirərdim"-deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə