Qırğızıstan Prezidenti Almazbek Atambayev İçəri Şəhərlə tanış olub - FOTO
Ölkəmizdə rəsmi səfərdə olan Qırğızıstan Respublikasının prezidenti cənab Almazbek Atambayev İçəri Şəhərdə olub. SİA-nın verdiyi məlumata görə, qonağı qarşılayan "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İçəri Şəhərə göstərdiyi diqqət və qayğısı barədə məlumat verib, Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın və rəhbərlik etdiyi Heydər Əliyev Fondunun İçəri Şəhərin qorunmasında rolu barədə danışıb.
Qonağın Bakının qədim hissəsi ilə tanışlığı YUNESKO-nun "Dünya İrsi Siyahısı"na daxil edilmiş Bakının simvolu əzəmətli Qız Qalası abidəsinin qeyri adi memarlıq özəllikləri barədə dolğun məlumat verilməsi ilə başlamış və yaxınlıqdakı Sıratağlı dini memarlıq kompleksinin ərazisindəki ekpozisiya ilə tanışlıqla davam edib.
Cənab Almazbek Atambayev Qədim Bakının ticarət əlaqələrindən xəbər verən karvansaralardan biri olan XV əsrin yadigarı Buxara karvansarasında olub, ona karvansaralar və onların təyinatı barədə informasiya verilib.
Gəzinti elektromobillərlə davam edib, Kiçik Qala küçəsində cənab prezident Azərbaycan milli mətbəxinin ləziz nümunəsi olan təndir çörəyinin dadına baxıb.
Daha sonra nadir memarlıq incisi olan "Şirvanşahlar Sarayı Kompleksi" ndə olan qonağa Azərbaycanın qədim dövlətçilik tarixi və kompleksin inşaat-memarlıq xüsusiyyətləri ilə bağlı ətraflı məlumat verilib.
Cənab prezident İçəri Şəhər ərazisində dünya əhəmiyyətli üç abidədən biri olan Məhəmməd Məscidində olub və burada aparılmış muzey konservasiyası işləri barədə məlumat qonağın diqqətinə çatdırılıb.
Sonda Qırğızıstan Respublikasının Prezidenti cənab Almazbek Atambayev Kiçik Karvansara abidəsində yerləşən təsviri və dekorativ-tətbiqi incəsənət mərkəzi – "İncəsənət Bağı"nda rəssamlar tərəfindən müxtəlif üslublarda hazırlanmış hücrələrə tamaşa edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB