Bu gün Azərbaycanın baş nazirin müavini Abid Şərifov, "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev, "Azəryolservis" ASC-nin sədr müavini Vaqif Hacıyev, fövqəladə hallar nazirinin müavini Ragim Lətifov Şamaxıda sürüşmə zonasına gələrək əraziyə baxış keçirib. SİA-nın verdiyi məlumata görə, dövlər rəsmiləri torpaq sürüşməsinə görə bağlanan Bakı-Şamaxı-Yevlax yoluna, Ağsu aşırımına da baxış keçirəcəklər. Yoxlamalardan sonra müsbət qərar verilərsə, bu gün günortadan sonra Ağsu dolayı açılacaq. Hazırda isə yolda avtomobillərin hərəkətinə tam icazə verilməyib. Yola tökülən qum və daşlar təmizlənib və beton maneələr götürülüb. Yolda post qurulur və əgər yol açılarsa, buradan yalnız kiçik tutumlu minik maşınları keçəcək. Lakin həmin ərazidən ağır tonnajlı avtomobillərin hərəkəti qadağan ediləcək. Daha sonra heyət Şamaxı rayonunun sürüşmə baş verən Muğanlı kəndinə gedəcək. Hökumət nümayəndələrinin ərazidə müşavirə keçirəcəyi gözlənilir. Məlumatlara görə, müşavirədə sürüşmə nəticəsində qəzalı vəziyyətə düşən evlərin sakinləri üçün yeni evlərin harada tikilməsi barədə yekun qərar veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB