Polşa prokurorluğu Smolensk qəzasında siyasi izin olmadığını açıqladı

Polşa prokurorluğu Smolensk qəzasında siyasi izin olmadığını açıqladı

İçərisində Polşa prezidenti Lex Kaçinskinin də olduğu təyyarənin terror aktına məruz qaldığına dair versiyalar isə gündəmdə düşmür


Polşanıni baş prokurorluğu ölkənin keçmiş prezidenti Lex Kaçinskinin də içərisində olduğu təyyarənin terrora məruz qalmasına dair sübut tapa bilməyib. Bu barədə məlumatı "TVN 24" telekanalına baş prokuror Andcey Seremet verib.


Polşa mediasının yazdığına görə, A.Seremet Kaçinskinin qəza nəticəsindəki ölümündə siyasi izlərin görünmədiyinə dair bir il öncəki fikirləri təkrarlamalı olduqlarını vurğulayıb.


Qeyd edək ki, L.Kaçinskinin qardaşı Yaroslav Kaçinski Rusiyanın Smolensk bölgəsi yaxınlığıdakı təyyarə qəzasının daha çox terror aktına bənzədiyini bildirmişdi. Bəzi ekspertlər isə təyyarənin qurğularının müxtəlif istiqamətlərə parçalanmasını əsas götürərək partlayışın məhz içəridə olduğunu önə çəkmişdilər. Bununla yanaşı Polşanın eks-prezidentinin qızı Marta həm Rusiya, həm də Polşa tərəfinin irəli sürdüyü versiyaları "cəfəngiyyat" adlandıraraq məsələnin beynəlxalq səviyyədə araşdırılmasını tələb etmişdi.


Hadisə ilə bağlı daha maraqlı sayılacaq məqam keçmişdə Rusiya xəfiyyəsi olduğu bildirilən şəxsin açıqlamaları olub. Bu barədə İtaliyanın "Le Espresso" həftəliyinin saytındakı məqalədə bildirilib.


Məqalədə yazılıb ki, 2010-cu ilin aprelindəki məlum qəzadan bir neçə gün sonra Moskvanın artıq ABŞ-ın tərəfinə keçmiş sabiq xəfiyyəsi məsələyə münasibət bildirib. Xəfiyyə hadisəni Kremlin əməli kimi dəyərləndirib. Maraqlıdır ki, Sergey Tretyakov adlı həmin şəxs 2010-cu ilin iyun ayında müəmmalı şəkildə ölüb. Müəllifin yazdığına görə, ABŞ-ın Federal Təhqiqatlar Bürosu onun ölümü ilə bağlı detalları ört-basdır edib.


Məqalə müəllifi iki il əvvəl ölmüş 53 yaşlı xəfiyyəni bütün dövrlərin ən məhşur xəfiyyəsi kimi xarakterizə edərək bildirib ki, onun həyatı haqqında "Vaşinqton post"un jurnalisti Pit Erli "Yoldaş Ci" adlı kitab da yazıb. Rusiya xüsusi xidmət orqanlarının polkovniki olan S.Tretyakov Birləşmiş Ştatlarda diplomat qismində çalışıb.


Məqalədə bildirilir: "Heç kəsə sirr deyil ki, həmin vaxt Polşa ilə Rusiya arasında münasibətlər çox pis idi. Kaçinski nümayəndə heyəti ilə birgə Katında Stalinin əmri ilə İkinci Dünya Müharibəsində 20 min polşalının öldürülməsi ilə bağlı keçiriləcək anım mərasiminə qatılmaq istəyirdi. Lakin təyyarə Smolenskdə eniş edə bilmədi. Həmin vaxt hava limanında kəskin duman var idi. Buna rəğmən pilotun onu endirmək istəməsi maraqlıdır. Bəziləri burada başqa dumanlı məqamlar görürlər. Stratfor rəhbəri "yoldaş Ci"nin hadisədən 12 gün sonrakı açıqlamasına istinadən deyir ki, ruslar təyyarənin enməsinə icazə verməyərkən Polşa prezidentinin başqa yerə enişlə razılaşmayacağını bilirdilər".


Beləliklə yazıda Tretyakovun təyyarənin yerə enişinə yol verməməyin məqsədli olduğunu fikri qabardılıb. Xəfiyyənin dilindən Putinin istəyəcəyi təqdirdə rusların digər ölkələrin rəhbərlərinə qarşı da analoji planlarının mövcudluğu vurğulanıb: "Belə çıxır ki, Tretyakov birbaşa Putini günahlandırır. Polşa rəhbərliyinin ölümü 10 aprel 2010-cu ildə baş verib. Tretyakovun isə iki aydan sonra ürəyi dayanıb - 13 iyunda...".

Bütün xəbərlər Facebook səhifəmizdə