Avronest PA-nın Bakı sessiyasının proqramı açıqlanıb

Avronest PA-nın Bakı sessiyasının proqramı açıqlanıb

Avronest Parlament Assambleyasının (PA) ikinci sessiyasının proqramı açıqlanıb. Proqram Avronest PA-nın Bakı sessiyasına həsr olunmuş və yenicə fəaliyyətə başlayan saytda yerləşdirilib. SİA-nın məlumatına görə, proqrama əsasən, aprelin 1-də Milli Məclisdə Avropa Parlamenti Katibliyinin, daha sonra isə Avropa PA katibliklərinin iclası keçiriləcək. Həmin gün Avronest PA-nın həmsədri, Avronest PA-ya Avropa Parlamentinin nümayəndə heyətinin sədri Kristian Vigenin və Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Roland Kobianın iştirakı ilə brifinq təşkil olunacaq. Həmçinin, \"Şərq tərəfdaşlığı\" ölkələrinin nümayəndə heyətlərinin də brifinqi nəzərdə tutulub. Aprelin 2-də Milli Məclisdə Belarus üzrə işçi qrupun iclası olacaq. Avronest PA-nın həmsədrləri Kristian Vigenin və Boris Tarasyukun rəhbərliyi ilə Büro üzvlərinin Azərbaycan prezidenti İlham Əliyevlə görüşü də nəzərdə tutulub. Kristian Vigenin və Boris Tarasyuk Milli Məclisinin sədri cənab Oqtay Əsədovla da görüşəcək. Həmin gün Avronest PA-nın İqtisadi İnteqrasiya, Hüquqi Yaxınlaşma və Aİ Siyasətləri ilə Uyğunluq üzrə Komitəsinin, Enerji Təhlükəsizliyi üzrə Komitəsinin Siyasi Məsələlər, İnsan Hüquqları və Demokratiya üzrə Komitəsinin, Sosial Məsələlər, Təhsil, Mədəniyyət və Vətəndaş Cəmiyyəti üzrə Komitəsinin iclasları olacaq. İclaslardan sonra Azərbaycan nümayəndə heyəti adından Avronest PA-nın üzvlərinin şərəfinə Azərbaycan milli musiqisi ustalarının iştirakı ilə konserti və şam yeməyi veriləcək. Aprelin 3-də Şəhidlər Xiyabanını ziyarət edən nümayəndə heyətləri daha sonra Avronest PA-nın Büro iclasına qatılacaq. Avropa Xalq Partiyası siyasi qrupunun və Sosialist və Demokratlar siyasi qrupunun iclaslarından sonra Avronest PA-nın İkinci Sessiyasının rəsmi açılışı olacaq. Sessiyanın açılışında Milli Məclisin sədri Oqtay Əsədov çıxış edəcək. Sessiyanın davamı aprelin 4-də olacaq. Sessiya elə həmin gün yekunlaşacaq. Avronest PA-nın həmsədrləri Kristian Vigenin və Boris Tarasyuk tərəfindən mətbuat konfransının keçiriləcəyi də bildirilir.

Qeyd edək ki, Avronest PA-nın Bakı Sessiyasına həsr olunmuş saytda Milli Məclisin sədri Oqtay Əsədovun Avronest PA-nın ikinci plenar sessiyasının bütün iştirakçılarını salamlayan müraciəti yer alıb. Saytda Avronest PA-nın ikinci sessiyasının iştirakçılarına qeydiyyatdan keçmək üçün şərait yaradılıb, həmçinin bir sıra materiallar, fotolar yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə