Elmira Süleymanova Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
Ombudsman Elmira Süleymanova 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar BMT-nin baş katibi, BMT-nin Təhlükəsizlik Şurası, BMT-nin İnsan Hüquqları üzrə ali komissarı, Avropa Komissiyası, Avropa Şurası, ATƏT, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutları, Asiya Ombudsmanlar Assosiasiyası, Beynəlxalq Sülh Bürosu, Universal Sülh Federasiyası, müxtəlif ölkələrin ombudsmanları, Azərbaycanın xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirlikləri, Azərbaycanın diaspor təşkilatlarına bəyanat ünvanlayıb. Ombudsman Aparatından SİA-ya verilən məlumata görə, bəyanatda bildirilib ki, iki əsrdən çoxdur erməni millətçilərinin və onların havadarlarının azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirdikləri soyqırımı, etnik təmizləmə və deportasiya siyasəti nəticəsində xalqımız ağır məşəqqətlərlə üzləşib. Mərhələ-mərhələ aparılmış bu siyasət nəticəsində soydaşlarımız min illər boyu yaşadıqları tarixi etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalıblar. 1905-1907, 1918-1920, 1948-1953, 1988-1993-cü illərdə Ermənistan Respublikası ərazisindəki ata-baba yurdlarından deportasiya edilən soydaşlarımızın insan hüquqları kütləvi surətdə pozulub, onlar qeyri-insani rəftara, insan ləyaqətini alçaldan hərəkətlərlə müşayiət olunan etnik təmizləməyə məruz qalıblar. Ermənistanın Azərbaycana qarşı 1988-ci ildən başlayaraq təcavüzü nəticəsində isə ölkəmizin ərazisinin 20 faizi işğal edilib, on minlərlə insan həlak olub, yüz minlərlə soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. 1918-1920-ci illərdə ermənilərin Azərbaycanda törətdikləri milli qırğınla bağlı tarixi sənədlərdəki faktlar Şamaxı, Quba, Muğan, Zəngəzur qəzası, Qarabağ, İrəvan quberniyasında və digər ərazilərdə azərbaycanlıların amansızlıqla qətlə yetirildiyini, şəhər və kəndlərin talan edilərək dağıdıldığını sübut edir. Ermənilərin törətdiyi qanlı faciələrin daha dəhşətlisi 1918-ci ilin 31 mart tarixində azərbaycanlılara qarşı soyqırımı hadisələridir. Həmin il martın 30-da erməni-bolşevik birləşmələri Bakını gəmilərdən yaylım atəşinə tutublar. Bunun arxasınca silahlı daşnaklar azərbaycanlıların evlərinə soxularaq amansız qətllər törətmişlər. 31 mart və 1-2 aprel tarixlərində qırğınlar kütləvi şəkil alıb, silahlanan erməni əsgərləri dinc əhalini amansızcasına qətlə yetiriblər. Bu hadisələr zamanı Azərbaycanın yüzlərlə şəhər və kəndi, o cümlədən Qarabağda azərbaycanlıların yaşadığı 150-dən çox kənd xarabalığa çevrilib, Şuşada görünməmiş qırğınlar törədilib. Qırğınların davam etdiyi dövrdə Azərbaycan ərazisində 700 minədək soydaşımız öldürülüb, məscidlər, məktəb binaları yandırılıb. Təkcə Zəngəzurda 115, İrəvan quberniyasında isə 211 kənd dağıdılıb, əhaliyə amansız divan tutulub.
Son dövrdə Qubada 1918-ci il hadisələri zamanı ermənilərin törətdikləri kütləvi insan qətllərini aşkarlayan faktlar üzə çıxarılıb. Tapılan saysız-hesabsız insan sümükləri bu qırğınlar zamanı erməni vandalizmini təsdiqləyən əyani dəlillərdir. İşğalçı Ermənistanın yürütdüyü soyqırımı siyasəti uzun illərdir ki, dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Zəbt olunan Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycan ərazisinin ayrılmaz tərkib hissəsidir. Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində apardığı süni məskunlaşdırma siyasəti çərçivəsində 2011-ci ildə Dağlıq Qarabağda 1109 nəfər yerləşdirilib. Köçürülmüş həmin ermənilərin 94 faizi Ermənistandan, qalan hissəsi isə digər ölkələrdən gələnlərdir.
1918-ci il Mart soyqırımından 94 il keçir, lakin erməni millətçilərinin törətdikləri bu dəhşətləri unutmaq qeyri-mümkündür. Beynəlxalq terrorizmə qarşı mübarizəni qarşısına məqsəd qoyan dünya ictimaiyyəti, nəhayət, Azərbaycan xalqına qarşı bu gün də davam edən zorakılıqlara obyektiv siyasi hüquqi qiymət verməlidir. Ombudsman bir daha bəyan edib ki, bu soyqırımı insan hüquqlarının kobud və kütləvi şəkildə pozulması ilə müşayiət olunub: "Ümidvarıq ki, dünya ictimaiyyəti, beynəlxalq qurumlar Azərbaycanın haqlı tələblərini dəstəkləyəcək, insanlığa qarşı törədilən bu qatı cinayət genosid aktı kimi tezliklə beynəlxalq hüquqi qiymətini alacaq, cinayətkarlar cəzasız qalmayacaq.
E.Süleymanova beynəlxalq təşkilatları ikili standartlara yol vermədən Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə çağırıb, ədalətin tezliklə öz yerini tapacağına, soyqırımını dövlət siyasətinin tərkib hissəsinə çevirən Ermənistan dövlətinə qarşı səlahiyyətli beynəlxalq qurumlar tərəfindən sanksiyaların tətbiq olunacağına, Azərbaycanın ərazi bütövlüyünün, qaçqın və məcburi köçkünlərin kütləvi şəkildə pozulmuş hüquqlarının bərpa ediləcəyinə, əsir və girovların azad olunacağına inandığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB