Eldar Mahmudov: “Eurovision-2012” müsabiqəsində təhlükəsizliyin təmin olunması üçün zəruri qüvvə və vasitələr səfərbər olunub”
"Azərbaycanda \"Eurovision-2012\" mahnı müsabiqəsinin keçiriləcəyi dövrdə sabitliyin və təhlükəsizliyin təmin olunmasının yüksək peşəkarlıqla yerinə yetirilməsi üçün zəruri qüvvə və vasitələr səfərbər olunub". SİA-nın məlumatına görə, bunu milli təhlükəsizlik naziri, general-leytenant Eldar Mahmudov rəsmi dövlət qəzeti olan \"Azərbaycan\" qəzetində dərc olunmuş yazısında bildirib. O, qeyd edib ki, tədbirin keçirildiyi dövrdə sabitliyin və təhlükəsizliyin təmin olunmasında bütün aidiyyəti strukturlar kimi, milli təhlükəsizlik orqanlarının qarşısında da mühüm vəzifələr qoyulub: "Bu vəzifələrin yüksək peşəkarlıqla yerinə yetirilməsi üçün zəruri qüvvə və vasitələr səfərbər olunub" - nazir bildirib.
E. Mahmudov qeyd edib ki, son illər Azərbaycanda geniş regional və beynəlxalq layihələr həyata keçirilir: "Ölkəmiz ardıcıl olaraq irimiqyaslı beynəlxalq siyasi, dini, mədəni, idman tədbirlərinin həyata keçirildiyi bir məkana çevrilib. Bütün bu layihələrin və tədbirlərin təhlükəsizliyinin təmin olunmasında milli təhlükəsizlik orqanları da yaxından iştirak edir. Milli təhlükəsizlik orqanlarının əsas vəzifəsi təhlükəsizliyin və sabitliyin təmin edilməsi, müstəqilliyin və dövlətçiliyin qorunmasıdır. Bizim vəzifəmiz dövlətin daxili və xarici siyasəti üçün əlverişli şərait, inkişaf üçün etibarlı təminat yaratmaqdır. Əlbəttə, bu məsələdə hər bir vətəndaş da ayıq-sayıq olmalı, dövlətçilik mövqeyindən çıxış etməli, təhlükəsizliyin təmin olunmasında dövlət orqanlarına yardımını əsirgəməməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə