Əlikənd stansiyasında 1.450 metr yol əsaslı təmir olunacaq

Əlikənd stansiyasında 1.450 metr yol əsaslı təmir olunacaq

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyindən SİA-ya verilən məlumata görə, "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri davam etdirilir. Martın 28-də Əlikənd stansiyasında tək istiqamətdə 1.450 metr yolun əsaslı təmir olunması nəzərdə tutulur. Artıq səhər saatlarında obyektdə əsaslı təmir işlərinə başlanılmışdır. Köhnə yolun sökütüsü başa çatmaq üzrədir. Həmin gün təqribən saat 16-dək nəzərdə tutulan təmir işlərinin başa çatdırılacağı gözlənilir. Qeyd edək ki, Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın icrası istiqamətində Azərbaycan Hökuməti və Dünya Bankı tərəfindən maliyyələşdirilən "Dəmir Yolu Ticarətinin və Nəqliyyatının Dəstəklənməsi Layihəsi" çərçivəsində Çexiyanın "İxrac" Bankının ayırdığı 215 milyon avro məbləğində kredit hesabına həyata keçirilir. Əsaslı təmir işlərinə 2011-ci il iyunun 10-dan Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilmişdir. Bütövlükdə indiyədək 69 km yol əsaslı təmir olunub. Əsaslı təmir işlərinə "Azərbaycan Dəmir Yolları" QSC "Dəmiryolservis" MMC-nin 4 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi və İnfrastruktur Departamentinin müvafiq qurumları cəlb olunublar. Yolların əsaslı təmiri prosesinin gedişini Çexiyanın "İxrac" Bankının nəzarət qrupu müşahidə edir. Təmir işləri başa çatdıqdan sonra bu yollarda qatarların hərəkət sürətini artırmaq mümkün olacaqdır.


Bütün xəbərlər Facebook səhifəmizdə