Bahar Muradova: “20 ilin acı təcrübəsi bizə imkan vermir ki, münaqişənin həlli ilə bağlı müsbət proqnozlar verək” - MÜNASİBƏT
"Avropa Parlamentinin Xarici Əlaqələr Komissiyasının ATƏT-in Minsk qrupunda Fransanı Avropa Birliyi ilə (AB) əvəz etməsini nəzərdə tutan təklifinin reallığa çevrilməsi üçün müəyyən işlər görülməlidir". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Milli Məclisinin vitse-spikeri, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib.
Vitse-spikerin sözlərinə görə, istər ölkə daxilində, istərsə də beynəlxalq aləmdə Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanması ciddi narahatlıqlar doğurur: "Müəyyən dairələr bu prossesin qarşısını almaq və münaqişənin nizamlanmasının yollarını daha da sürətləndirmək, daha çevik mexanizm əldə etmək üçün müxtəlif təkliflər irəli sürürlər. Mən bunu belə bir cəhd kimi dəyərləndirirəm. Amma hələ irəlidə nələrin baş verəcəyini indidən söyləmək mümkün deyil. Avropa İttifaqının Fransanı əvəzetməsi üçün bu təşkilatın özünün müəyyən strukturlarının müvafiq qəraralarına ehtiyac var. Ona görə, indidən fikrə konkret münasibət bildirmək mümkün deyil".
Parlamentin vitse-spikeri bildirib ki, bu cür təkliflərin meydana çıxması münaqişənin həllinin doğurdanda bir çoxlarını narahat etdiyinin göstəricisidir: "Lakin müsbət proqnoz verməyə çətinlik çəkirəm. Çünki ötən iyirmi il və onun acı təcrübəsi bizə imkan vermir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hansısa müsbət proqnozlar verək".
Qeyd edək ki, Avropa Parlamentinin Xarici Əlaqələr Komissiyasında Avropa Birliyinin (AB) ATƏT-in Minsk qrupunda Fransanı əvəz etməsini nəzərdə tutan sənəd qəbul olunub. Sənəddə AB-nin Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunda Fransanın mandatını əvəz etməsi təklif olunur. Ermənistanla bağlı digər məsələlərin də yer aldığı sənəd Avroparlamentin plenar iclasında səsverməyə çıxarılmalıdır. Sənədin Avroparlamentin müzakirəsinə bir ay sonra çıxarılacağı gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB