Millət vəkili: “AB-nin Qarabağ münaqişəsinin həllində fəal mövqe nümayiş etdirmək istəyi bütün hallarda yaxşıdır” - MÜNASİBƏT
"Avropa Birliyinin Dağlıq Qarabağ münaqişəsinin həllində fəal mövqe nümayiş etdirmək istəyi bütün hallarda yaxşıdır". SİA-nın xəbərinə bunu Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə Avropa Parlamentinin Xarici Əlaqələr Komissiyası ATƏT-in Minsk Qrupunun tərkibinin dəyişdirilməsi təklifinə münasibət bildirərəkən deyib.
O, qeyd edib ki, təklif gerçəkləşəcəyi təqdirdə, Minsk Qrupu çərçivəsində münaqişənin həllinə artıq 28 Avropa ölkəsinin marağı dayanacaq: " Avropa Birliyi Minsk Qrupunun səhvlərini nəzərə almalıdır, Minsk Qrupunun yol verdiyi yanlışlıqları təkrarlamamalıdır. Həmçinin Avropa Birliyi "Şərq Tərəfdaşlığı Proqramı" çərçivəsində əməkdaşlıq edən ölkə və regionlarla bağlı daha sıx münasibətlər qurmaq, problemlərin həllində daha fəal iştirak etmək barədə siyasi qərar verib. Bu baxımdan Azərbaycan daxil olmaqla digər ölkələrin də Avropa Birliyi ilə münasibətlərində yeni mərhələ gözlənilir".
Millət vəkili həmçinin Birliyin dövlət deyil, beynəlxalq təşkilat olduğunu vurğulayıb: "Əgər sabah Fransanı Avropa Birliyi əvəz edəcəksə, bəs təsir mexanizmi üçün məsuliyyəti kim daşıyacaq? Çünki, Fransa bir dövlət kimi problemin həllində siyasi məsuliyyət daşıyır, Azərbaycan və Ermənistan arasında vasitəçiliyi öz üzərinə götürür".
Qeyd edək ki, Avropa Parlamentinin Xarici Əlaqələr Komissiyasında Avropa Birliyinin (AB) ATƏT-in Minsk qrupunda Fransanı əvəz etməsini nəzərdə tutan sənəd qəbul olunub. Sənəddə AB-nin Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunda Fransanın mandatını əvəz etməsi təklif olunur. Ermənistanla bağlı digər məsələlərin də yer aldığı sənəd Avroparlamentin plenar iclasında səsverməyə çıxarılmalıdır. Sənədin Avroparlamentin müzakirəsinə bir ay sonra çıxarılacağı gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB