Qaxda möhtəşəm Novruz şənliyi keçirilib - FOTOSESSİYA

Qaxda möhtəşəm Novruz şənliyi keçirilib - FOTOSESSİYA

Novruz bayramı və Azərbaycan ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümü münasibətilə Qax şəhərində "Dostluq bayramı" keçirilib. Gürcüstanın Azərbaycandakı səfirliyinin təşəbbüsü, səfirliyin və Qax rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Azərbaycan-Gürcüstan parlamentlərarası Dostluq qrupunun dəstəyi ilə keçirilən tədbirdə Qax rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev, Zaqatala RİH-nin başçısı Mübariz Əhmədzadə, Azərbaycanın Milli Məclisinin üzvü, Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri Qənirə Paşayeva, Azərbaycan MM-nin İnsan Haqları komitəsinin sədri, millət vəkili Rəbiyyət Aslanova, millət vəkilləri Sədaqət Vəliyeva, Kamilə Əliyeva, Flora Qasımova, Etibar Hüseynov, Hikmət Atayev, habelə Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşanidze, Gürcüstan parlamentinin vitse spikeri Qiqi Sereteli, Gürcüstan parlamentinin 1-ci vitse spikeri Fridon Todua, Gürcüstanın vitse-spikeri Rusudan Kervalişvili, Gürcüstan Respublikasının Diaspora Məsələləri üzrə Dövlət naziri Papuna Davitaya, Gürcüstanın 10 millət vəkili, regionların qubernatoru və icra başçıları iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılmış abidəsi önünə əklil qoyublar. Mərasim iştirakçıları Heydər Əliyev Mərkəzində ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən zəngin eksponatlara baxıblar. Gürcüstanlı qonaqlar Mərkəzin xatirə kitabına ürək sözlərini yazıblar.

Sonra qonaqlar Qax şəhərinin yeni bərpa edilmiş tarixi məhəlləsi - "İcəribazar" qala kompleksi ilə tanış olublar. Qax şəhərində aparılan quruculuq işləri ilə tanış olduqdan sonra tədbirin rəsmi hissəsi keçirilib.

Mərasimi açan Qax rayon İcra hakimiyyətinin başçısı Musa Şəkiliyev ümummilli lider Heydər Əliyevin memarı və qurucusu olduğu müasir müstəqil Azərbaycanın qazandığı böyük uğurlardan danışıb. Azərbaycanın qonşu ölkələrlə, o cümlədən Gürcüstan ilə münasibətlərinin inkişafına xüsusi önəm verdiyini diqqətə çatdıran natiq qeyd edib ki, müstəqillik illərində dövlətlərimizin başçıları xalqlarımızın maraqlarını ifadə edərək tarixi dostluq, əməkdaşlıq ənənələrinin yaşaması və inkişafı üçün mühüm tədbirlər həyata keçiriblər. Bu gün ölkələrimizin iqtisadi əməkdaşlığının əsasında Heydər Əliyevin Gürcüstana, gürcülərə səmimi dostluq münasibəti və qayğısı durur. Azərbaycan Prezidenti İlham Əliyev ulu öndərin siyasi kursuna – Gürcüstan ilə dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsi xəttinə sadiqliyini daim nümayiş etdirir.

Diqqətə çatdırılıb ki, çoxmillətli rayon olan Qaxın əhalisinin 13 faizini təşkil edən gürcülərə milli adət-ənənələrini yaşatmaq üçün hər cür şərait yaradılıb.

M.Şəkiliyev belə tədbirlərin ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin daha da genişlənməsinə, xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə xidmət edəcəyinə əminliyini bildirib.

Mərasimdə Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze, Gürcüstan parlamenti sədrinin müavini Qiqi Sereteli çıxış edərək yeni gün, bolluq və bərəkət bayramı olan Novruzun Azərbaycanın dilbər guşələrindən olan Qax rayonunda azərbaycanlılarla birgə qeyd etmələrindən böyük məmnunluq duyduqlarını bildirib, səmimi qonaqpərvərliyə görə rayon rəhbərliyinə minnətdarlıq ediblər. Azərbaycan və gürcü xalqları arasında mehriban dostluq və qardaşlıq əlaqələrinin qədim tarixi köklərə malik olduğunu bildirən natiqlər, ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini xüsusi vurğulayıblar. Qeyd olunub ki, hazırda bu siyasət hər iki ölkənin dövlət başçıları tərəfindən uğurla davam etdirilir. Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin Azərbaycana səfəri zamanı Prezident İlham Əliyev ilə keçirdiyi görüşlər, eləcə də imzalanmış sənədlər şübhəsiz ki, əməkdaşlığımızın daha da möhkəmlənməsinə müsbət təsir göstərəcəkdir.

Milli Məclisin deputatı, Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri Qənirə Paşayeva Gürcüstanın Marneuli rayonunda azərbaycanlılarla gürcülərin Novruz bayramını birlikdə yüksək səviyyədə qeyd etdiklərini diqqətə çatdırıb. Qənirə Paşayeva Prezident Mixeil Saakaşvilinin ötən il imzaladığı sərəncama uyğun olaraq Novruzun Gürcüstanda ilk dəfə olaraq rəsmi şəkildə dövlət bayramı kimi qeyd olunmasını fərəhləndirici hal kimi qiymətləndirib. Xalqımızın qədim bayramı olan Novruzun artıq dostluq, həmrəylik, mehribanlıq bayramına çevrildiyini vurğulayan deputat bu ənənələrin gələcəkdə də davam etdirilməsinin vacibliyini bildirib: "Bizim xalqda belə bir inam var ki, Novruzda edilən saf diləklər, dualar həyata keçir. Mən də bu Novruzda arzu edirəm ki, növbəti Novruz bayramını işğaldan azad edəcəyimiz Qarabağda, eyni zamanda Abxaziyada, Güney Osetiyada bu gün olduğu kimi birlikdə, bir yerdə qeyd edək".

Bir neçə saat davam edən bayram tədbirində Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, respublikamızın tanınmış incəsənət ustaları, yerli ifaçılar, habelə Gürcüstanın Laqodexi rayonunun folklor və rəqs kollektivləri geniş və rəngarəng konsert proqramı ilə çıxış ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə