Bahar Muradova: “Dünyada erməni mifi dağılmaqdadır\" - MÜNASİBƏT

Bahar Muradova: “Dünyada erməni mifi dağılmaqdadır\" - MÜNASİBƏT

"Azərbaycanda uzun illərdir öz siyasi ambisiyalarını reallaşdıra bilməyən bir qrup uğursuz narazılar bu prosesləri gərginləşdirməklə öz niyyətlərinə çata biləcəklərini düşünürlər. Onlar hesab edirlər ki, vəziyyət nə qədər gərgin olacaqsa, özlərini bir o qədər yaxşı hiss edəcəklər. Bu, onlar üçün yeganə "saman çöpüdür"". SİA-nın xəbərinə görə, bunu Milli Məclisinin sədr müavini, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Bahar Muradova hakim partiyanın saytına müsahibəsində deyib.

Vitse-spiker qeyd edib ki, dünyanın Azərbaycana maraq və diqqətinin artması, ölkəmizi bir növ kəşf etməsi üçün çox gözəl bir şans olan musiqi yarışmasının gətirəcəyi dividentləri, nailiyyətləri bir kənara qoyaraq, özünün sırf qrup maraqlarından çıxış edənlər şaiələrlə, dezinformasiyalarla beynəlxalq aləmdə ölkəmizin nüfuzuna xələl gətirmək istəyirlər: "Bu fəaliyyət Azərbaycanda yeni deyil. Mən hesab edirəm ki, bu da baş tutmayacaq. Kimlərsə öz siyasi ambisiyalarını bu yarışmanın hesabına reallaşdırmaq, bu yarışmanın ətrafında qalmaqal yaratmaq istəyirsə, əmin ola bilərsiniz ki, bunlar boş cəhdlərdir. Yaxşı olar ki, hər bir vətəndaş bu məsələyə daha çox azərbaycançılıq nöqteyi-nəzərdən yanaşsın".

B.Muradova deyib ki, bu gün hər kəs ümumi məsələlərdə birləşməli, siyasi maraqları bir kənara qoymalıdır: "Amma çox təəssüf ki, biz bir çox hallarda bunu müşahidə etmirik. Bu artıq onların həyatı, yaşayış tərzi, ifadə forması, "vətəndaşlıq mövqeyidir" ki, ümumxalq məsələlərindən də öz cılız siyasi ambisiyaları üçün istifadə edirlər. Ona görədir ki, zaman keçdikcə, sıraları daha da seyrəlir, ətraflarındakı insanlar onları tərk edirlər".

\"Qarabağ danışıqlarında hansı nöqtədəyik\" sualının cavabında B.Muradova: "Biz danışıqlara müsbət nəticə baxımından yanaşsaq, artıq neçə ildir ki, eyni nöqtədəyik. Amma erməni lobbisinin, erməni maraqlarına xidmət edən beynəlxalq dairələrin, dünya erməniliyinin başlatdığı bir prosesdə artıq keçən hər gün onlar üçün uğursuzluq sindromunu möhkəmləndirir, Azərbaycan üçün isə uğur qazanmaq ehtimallarını daha çox artırır. Ən əsası, dünyada erməni mifi dağılmaqdadır. Azərbaycan həqiqətləri artıq daha geniş anlamda dünyada qəbul olunmaqdadır. Əgər vaxtilə, qondarma "erməni soyqırımı" qərarlarının qəbulu, xarici dövlətlərin parlamentlərində erməni maraqlarına xidmət edən qərarların qəbulu müşahidə edilirdisə, bu gün artıq Azərbaycan mövqeyindən qəbul edilən qərarlar və məsələlərə yanaşma özünü daha çox göstərməyə başlayıb. Artıq dünya ermənilərin öz siyasətlərini yalan üzərində qurduqlarının fərqindədir. Bunun özü Qarabağ məsələsinin haqq-ədalət çərçivəsində həllinə şərait yaradan amillərdən biridir".

Bütün xəbərlər Facebook səhifəmizdə