"Qorbaçovun siyasi perspektivi yoxdur"

"Qorbaçovun siyasi perspektivi yoxdur"

SSRİ-nin birinci və sonuncu prezidenti Mixail Qorbaçov yenidən siyasətə qayıdır. O, 2001-2004-cü illərdə rəhbərlik etdiyi Sosial-Demokrat Partiyasının bərpasına çalışır. Bu barədə "İnterfaks"a danışan keçmiş SSRİ prezidenti sosial-demokrat yönümlü bütün şəxslərdən təkliflərini onun fonduna və ya e-mail ünvanına göndərməyi istəyib.


Qeyd edək ki, Rusiyanın Birləşmiş Sosial-Demokrat Partiyası 1999-cu ildə yaradılmışdı. Həmin vaxt sosial-demokratların üçüncü konqresi Qorbaçovdan Rusiyadakı sosial-demokratların başına keçməyi xahiş etmişdi. İkincilərin 2001-ci ildə baş tutan qurultayında sədr seçilən də Qorbaçov olmuşdu. 2004-cü ilədək partiyanı idarə etmiş eks-prezident həmin il siyasətdən getdiyini bildirmişdi. Qurum isə 2007-ci ilədək fəaliyyət göstərmişdi. Həmin il Rusiyanın Ali Məhkəməsi üzvlərinin azlığı səbəbindən təşkilatın bağlanması barədə qərar çıxarmışdı.


Maraqlıdır ki, deputatları Rusiyanın Dövlət Dumasında təmsil olunan partiyaların nümayəndələri M.Qorbaçovun partiya yaratmaq məsələsinə skeptik yanaşıblar. Rusiya Kommunist Partiyasının hüquq şöbəsinin müdiri Vadim Solovyov bildirib ki, Qorbaçov artıq 15 ildir, partiyasını yaratmaq istəyir: "Əminəm ki, arzusu uğursuz nəticələnəcək. Bu siyasətçiyə heç bir inam yoxdur. Hesab edirəm ki, Sosial-Demokrat Partiyasını yaratmaq cəhdi yalnız özünü xatırlatmaqdan irəli gəlir".


"Qorbaçovu bizim dövləti dağıtdığına görə mühakimə etmək lazımdır. Onun özünü də, siyasi fəaliyyətini də. İşsizlikdən Sosial-Demokrat Partiyasını bərpa etmək istəyir. Heç kəs bu layihəyə qoşulmaz və istəməz ki, əlini və adını çirkaba batırsın". Bu fikirlərin müəllifi isə Liberal-Demokrat Partiyasının təmsilçisi İqor Lebedyevdir.


Məsələyə münasibət bildirən politoloq Sergey Çernyaxovski isə deyib ki, 1996-cı il seçkisində Qorbaçov çox az səs topladı. Əgər partiya yaratmaq istəsə, onun hazırda rəhbərlik etdiyi Fondda qurumu qeydiyyatdan keçirmək üçün 500 nəfər tapılacaq. Amma belə bir təşkilatın heç bir perspektivi yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə