Azərbaycanın İtaliyadakı səfiri
Vaqif Sadıqov martın 20-də Roma şəhərinin meri Canni Alemanno ilə görüşüb.
Səfirlikdən SİA-ya verilən məlumata görə, görüşdə səfir Roma merinə
Azərbaycan və İtaliya arasında əlaqələr haqqında məlumat verib. V.Sadıqov iki
ölkə arasında siyasi əlaqələrin yüksək inkişaf etdiyini, iqtisadi sahədə də
İtaliyanın son illərdə Azərbaycanın birinci ticarət tərəfdaşı olduğunu
vurğulayıb. Azərbaycanın İtaliyanın regionları ilə də əlaqələrin inkişaf
etdirilməsinə böyük önəm verdiyini vurğulayan diplomat paytaxt Roma ilə
əməkdaşlığın xüsusi yer tutduğunu qeyd edib.
Səfir son zamanlar Roma şəhəri ilə mədəniyyət sahəsində əməkdaşlıq çərçivəsində
bir sıra layihələrin uğurla həyata keçirildiyini, buna misal olaraq Roma
Sivilizasiyası Muzeyində fevral ayının 13-də açılmış və may ayının sonunadək
davam edəcək "Azərbaycan, İpək yolu üzərində odlar yurdu" adlı sərgi, aprel
ayında İtaliyada keçiriləcək Azərbaycan mədəniyyət günləri çərçivəsində Romada təşkil
ediləcək konsert və s. vurğulayıb.
Bundan əlavə, V.Sadıqov Azərbaycan tərəfinin mədəniyyətlərarası dialoqa və
mədəni irsin qorunmasına xüsusi önəm verdiyini bildirib. Bu baxımdan Heydər
Əliyev Fondu tərəfindən Romanın Kapitoli Muzeyində bərpa işlərinin bir hissəsi
üçün maliyyə yardımının edilməsinin İtaliya, xüsusilə də Roma şəhəri ilə
dostluq münasibətlərinin daha da gücləndirilməsinə tövhə verəcəyini diqqətə
çatdırıb.
Roma meri C.Alemanno Azərbaycanla əlaqələrin inkişafından məmnunluğunu qeyd edib,
bu əməkdaşlığın gələcəkdə də davam edəcəyinə və daha da gücləndiriləcəyinə əmin
olduğunu vurğulayıb.
C.Alemanno Romada tarixi abidələrin ümumdünya mədəni irsinə məxsus olduğunu, bu
baxımdan Heydər Əliyev Fondu tərəfindən Kapitoli Muzeyində bərpa işləri üçün
maliyyə dəstəyinin Azərbaycan tərəfinin yalnız İtaliyanın deyil, bütövlükdə
bəşəriyyətin mədəni irsinin qorunmasına verdiyi tövhəsi kimi qiymətləndirib,
buna görə Heydər Əliyev Fonduna minnətdarlığını bildirib.
Sonda tərəflər ikitərəfli əməkdaşlıq çərçivəsində həyata keçirilə biləcək
gələcək layihələr ətrafında fikir mübadiləsi aparıblar. V.Sadıqov Roma merini
Azərbaycana səfərə dəvət edib.
Görüş yerli mətbuatda geniş işıqlandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB