Dünyada iki-üç dövlət öz siyasətini gizlətməklə və ya siyasi kursunun yayılmasına müəyyən qədər maraq göstərmir. Çin Xalq Respublikası işini elə qurmuşdur ki, hamı onun apardığı siyasətin mahiyyətini öyrənmək üçün mümkün qədər çox vaxt ayırmağa məcbur olur. İş də burasındadır ki, Çinin lal və ya sakit diplomatiyası dünya tərəfindən qəbul olunub və hamı Çini az danışıb, çox iş görən dövlət kimi tanıyır. Çin Xarici İşlər Nazirliyinin yaydığı hər bir bəyanat bəlkə də dünya miqyaslı hadisəyə çevrilir. Çinin belə diplomatiyası onun indiki ambisiyasına uyğundur. ABŞ isə aktiv siyasət apardığı üçün aktiv də diplomatiya ilə məşğuldur. Bəzən bu ölkənin diplomatik aktivliyi siyasi fəallığını üstələyir.
Ətrafında ən çox sualın yarandığı dövlət hal-hazırda İrandır. Keçmiş tarixlərdən danışmağı xoşlayan İran öz siyasətini təqdir etmək üçün heç bir ənənəyə malik deyildir və ya belə bir ənənə yarada bilməmişdir. Əfqanıstanda yandırılan Qurana cavab kimi Əfqanıstan və Pakistan müsəlmanları ABŞ və NATO hərbçilərini öldürür, özləri isə onlardan qat-qat çox ölürlər. İranda isə Quranın yandırılmasına heç bir reaksiya yoxdur. Quranın yandırılmasına heç bir reaksiya verməyən İran Tehran imamcüməsinin dili ilə bütün dünyanı Quran yandıranlara qarşı aktiv mübarizəyə səsləyirlər. Bu çağırışa hay verməli olan dünya müsəlmanlarının 70 milyonu İrandadır; hasara alıb, heç yerə çıxmağa imkan vermirlər. Rəsmi və dini Tehran bu hərəkətini necə izah etməlidir?!
Fələstin hökuməti, o cümlədən "Həmas" İsrailin İrana qarşı mübarizəsi zamanı onu müdafiə etməyəcəklərini bildirdilər. İran gün axşamadək, bütün il boyu- "Fələstin, Fələstin, Fələstin…" deyir. İndi bəlli olur ki, İran Fələstinin dərd-sərindən özü üçün imic düzəldirmiş.
İran hər gün ABŞ-a, İsrailə müharibə hədə qorxusu gəlir. İndi İsrail Qəzza sektorunda müsəlman torpaqlarını yenidən bombalayır. İranın gücü varsa, niyə ortalığa qoymur?
İran İslam Respublikasının Rusiyadakı səfiri M. Sacidi Suriyadakı qarşıdurmanı dini qarşıdurma hesab edərək, hətta Rusiya müsəlmanlarını ayağa qalxmağa çağırdı. Suriyada hakimiyyət uğrunda ələvilərlə sünnilər arasında mübarizə gedir. Sünni çoxluq hakimiyyəti azlıqda olan hakim ələvilərdən almaq istəyir. İranın nöqteyi nəzərincə bu dini qarşıdurmadır.
İranın Ermənistandakı səfiri S.Saqiyan həm tədbirdə çıxışı zamanı, həm də populyar mətbu orqanına verdiyi müsahibədə Dağlıq Qarabağ münaqişəsinin İran üçün dini münaqişə olmadığını bildirdi. Xristian Ermənistan müsəlman Azərbaycanın torpağını işğal edib, İran İslam Respublikası rəsmiləri isə bunu dini münaqişə hesab etmir.
Anlaşılmazlıqdır. Nəyə görə İslam dininin iki qolunun kəskin siyasi mübarizəsi İranın prizmasından dini münaqişə hesab olunur, amma 1 milyon müsəlmanın deportasiyası, 30 min müsəlmanın şəhid olması,16 min km2 hüdudlarında müsəlman torpağının işğalı ilə nəticələnmiş xristian Ermənistanın yaratdığı münaqişə isə İranın prizmasından dini münaqişə hesab edilmir.
Yeri gəlmişkən İranın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri R. Mehmanpərəst də öz ölkəsi adından işğalçı Ermənistanla və işğala məruz qalmış Azərbaycan arasında "bərabərlik" işarəsi qoydu.
Başqa bir anlaşılmazlıq: Əgər doğrudan da İranda elmin inkişafı vacibdirsə, bu yolda nailiyyətlər əldə olunubsa, niyə elmi fəaliyyət sahəsindəki inkişaflar yalnız bir və ya iki istiqamətə aiddir. Nüvə texnologiyası sahəsində guya iri nəticələr əldə etmiş İran taxıl istehsalı sahəsində dünyanın ən dala qalmış dövlətləri sırasındadır. İranın gözü qarşısında iki dövlət məhz bu parametrə görə çox çətin vəziyyətə düşdü. İndi İran öz əhalisini yedirtmək məqsədilə taxıl almaq üçün ABŞ-ın qapısının ağzında boynunu büküb. İranın taleyi ABŞ-ın əlindədir - ABŞ taxıl göndərməyəcəksə İran əhalisi acından qırıla bilər. Nüvə, raket, kosmos elmi sahələrində dünyada ən birinci yerdə olan keçmiş SSRİ taxıl istehsal edə bilmədiyinə və kənd təsərrüfatını qura bilmədiyinə görə parçalandı. Keçmiş SSRİ-də nüvə silahları SSRİ-nin keşiyində olduğu halda, ərzaq qıtlığı, iqtisadi çətinliklər bu dövləti dağıtdı. İranda hələ nüvə silahı yoxdur və bu dövlətin keşiyini də çəkə bilməz; amma taxıl qıtlığı mövcuddur. Şimali Koreya nüvə və raket texnologiyası sahəsində İrandan xeyli qabaqda olsa da, iqtisadi baxımdan, xüsusilə ərzaq təminatına görə Çin Xalq Respublikasından asılı idi. Nüvə və raket texnologiyası sahəsində uğurlar əldə etməsinə baxmayaraq, Şimali Koreya da ərzaq almaqdan ötəri ABŞ-ın qabağında əyilməli oldu: 240 min ton humanitar yardım qarşılığında nüvə və raket texnologiyalarının sınaqlarını donduracağını bildirdi.
Görünür, İranın indiki başbilənləri ölkə daxilində və ətrafında baş verənlərin mahiyyətini anlaya bilmirlər. Bütün bunların mahiyyətini bilmək üçün İrana intellektual yardım lazımdır. Kimsə, İranı sevən adam bu şeyləri İrana izah etməlidir. İranın sevdiyi isə Ermənistandır. Görünür, Ermənistan İranın belə şeyləri görməsində maraqlı deyildir.
Eləcə də, İrana ortalığa çıxan bu sualların adekvat və ya izahlı cavabını hazırlayıb xarici aləmə təqdim etməsi lazımdır. Bu işdə də İrana intellektual yardım lazımdır. Bəzi proseslərin vaxtının keçdiyini nəzərə alsaq, bu intellektual yardımın miqdarı bəzən insanı dəhşətə gətirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB