“Azərbaycan-Türkiyə münasibətlərinin gələcəyi” mövzusunda dəyirmi masa keçirilib - FOTO
Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) "Azərbaycan-Türkiyə münasibətlərinin gələcəyi" mövzusunda dəyirmi masa keçirilib. SAM-dan SİA-ya verilən məlumata görə, tədbirdə Azərbaycan və Türkiyədən nümayəndə heyətləri iştirak edib.
SAM-ın direktor müavini Gülşən Paşayeva Azərbaycan-Türkiyə əlaqələrinin xüsusi əhəmiyyətini vurğulayıb. İstanbul Universitetinin rektor müavini Əhməd Cavad çıxışında ölkələr arasında münasibətlərdən danışıb: "Biz ətrafımızdakı təhdidləri müəyyənləşdirməliyik. Azərbaycan kritik nöqtədədir. Erməni məsələsi Türkiyə və Azərbaycanın ümumi problemidir. Bunun üçün qüvvələrimizi birləşdirməli və birgə hərəkət etməliyik".
Ə.Cavad qeyd edib ki, Türkiyədəki bir sənətçinin "Sarı gəlin" mahnısını erməni dilində oxuması onları da narahat edir.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Rəbiyyət Aslanova bildirib ki, sovetlər birliyi dağıldıqdan sonra münasibətlərin yeni mərhələsi başlayıb. O xatırladıb ki, 21 il öncə Türkiyə Azərbaycanın müstəqilliyini tanıyıb və Bakıda səfirlik açıb: "Bu gün biz bir-birimizi yaxşı tanımalı və hansı potensialımızın olduğunu müəyyənləşdirməliyik. Mən ATƏT-də nümayəndə heyətinin üzvüyəm. Açıq deyim ki, biz bəzən Türkiyədən istədiyimiz dəstəyi ala bilmirik. Son olaylar göstərdi ki bu sahədə birliyimizə ehtiyac var".
Mili Məclisin deputatı Qənirə Paşayeva isə çıxışında Türkiyə toplumunun Azərbaycanı tanımasında bəzi problemlərin olduğunu söyləyib. O, hər iki ölkənin vətəndaş cəmiyyətlərinin əməkdaşlığını da vacib sayıb: "Hər birimizi narahat edən ortaq problemlər var. Bunun başında erməni iddiaları gəlir. Kimsə düşünürsə ki, ermənilərin soyqırım iddiaları yaxın 3-5 ilə bitəcək, yanılır. Bu, 50 ilə də bitməyəcək. Onlar bunu bir milli kimlik məsələsinə çeviriblər. Bu problem eyni zamanda bizim problemimizdir"-deyə Q. Paşayevə əlavə edib.
Qeyd edək ki, tədbirdə çıxış edənlər Azərbaycan və Türkiyə arasında əlaqələrin gələcəyi barədə fikirlərini söyləyiblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB