Azərbaycanın 2020-ci il Olimpiya Oyunlarına namizədliyini dəstək üçün geniş miqyaslı kampaniyaya start verilib

Azərbaycanın 2020-ci il Olimpiya Oyunlarına namizədliyini dəstək üçün geniş miqyaslı kampaniyaya start verilib

Bakı şəhərinin 2020-ci il Olimpiya Oyunlarına namizədliyi üçün ölkə miqyaslı dəstək kampaniyasına start verilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə çıxış edən Bakı-2020 Təşkilat Komitəsinin icraçı direktoru Könül Nurullayeva bildirib ki, Olimpiya Oyunlarının keçirilməsində xalqın dəstəyinə böyük ehtiyac var. \"Biz bu kampaniyada Olimpiya Oyunlarına 1 milyon və daha çox dəstək imzası toplamaq niyyətindəyik\", - deyə o bildirib.

Könül Nurullayeva həmçinin qeyd edib ki, bu yaxınlarda ölkə üzrə keçirilən sorğunun nəticələri də Azərbaycan ictimaiyyətinin əsas hissəsinin Olimpiya Oyunlarının Bakıda keçirilməsinə dəstək verdiyini göstərib.

Mətbuat konfransında çıxış edən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov bildirib ki, kampaniyada tələbələr də yaxından iştirak edəcəklər. \"39 ali təhsil müəssisəsi və 10 minlərlə üzvümüzlə bu kampaniyaya qatılacağıq\", - deyə qeyd edib.

Onun sözlərinə görə, kampaniyaya tələbələrdən ibarət könüllülər cəlb olunacaq.

Olimpiya çempionu Zemfira Meftəhəddinova tədbirdə bildirib ki, Olimpiya Oyunlarının Bakıda keçiriləcəyi təqdirdə, bütün dünya görəcək ki, Azərbaycan həm idman sahəsində deyil, qonaqpərvərlik və sülhsevərliklə də seçilir.

Tədbirdə çıxış edən Olimpiya çempionu Fərid Mansurovun sözlərinə görə, ölkə ictimaiyyəti Olimpiya Oyunlarının Bakıda keçirilməsini istəyir.


Qeyd edək ki, 2020-ci il Yay Olimpiya Oyunlarının keçirilməsi üçün Bakı ilə yanaşı Madrid, Tokio, İstanbul və Qətərin paytaxtı Doha şəhəri də iddialarını irəli sürüblər. BOK namizəd şəhərləri bu ilin may ayında seçəcək.


2012-ci ilin aprel ayında BOK-un İcraiyyə Komitəsinin iclasında 6 iddiaçı ölkədən hansının növbəti mərhələyə keçməsinə qərar veriləcək, həmin qərar isə rəsmi olaraq mayın 20-25-də Kanadanın Kvebek şəhərində elan olunacaq.


Qeyd edək ki, BOK ikipilləli seçimdən sonra 7 sentyabr 2013-cü ildə Argentinanın paytaxtı Buenos-Ayres şəhərində Olimpiadaya ev sahibliyi edəcək şəhərin adını açıqlayacaq.



Aynurə Asimqızı

Bütün xəbərlər Facebook səhifəmizdə