Bu gün çərşənbələrdən dördüncüsü – torpaq çərşənbəsidir. SİA-nın məlumatına görə, bu çərşənbə axırıncısı olduğu üçün ilaxır çərşənbə də adlanır. Son çərşənbə torpağın oyanması, ana torpağın yatmış ağacların köklərini isitməsi ilə bağlıdır. Əvvəlki üç çərşənbədə olduğu kimi, ilaxır çərşənbədə də tonqal qalanır. Lakin bu çərşənbə digərlərindən xüsusi mərasimlərlə fərqlənir. Azərbaycanda, ənənəvi olaraq, ilaxır çərşənbə xüsusi təmtəraqla qeyd olunur.
İlaxır çərşənbə el arasında həm də niyyət çərşənbəsi, dilək günü kimi məşhurdur. İnanca görə, bu gün ürəkdə tutulan diləklərin hamısı hasil olur. Bu gün evlərdə mütləq xoş sözlər danışılmalıdır. Kimsə qulaq falına çıxıb, qapıya gələ bilər. Əgər evdə yaxşı sözlər danışılsa, qapıya gələnin ürəyindəki istəyi gerçəkləşər. Bundan başqa, qız-gəlinlər iki iynəni sapa bağlayıb su dolu qaba sallayırlar, əgər iynələr qabın dibində ağız-ağıza gəlsələr, deməli, bunu sınayan istəyinə çatacaq. İynələr uzaqlaşsalar, işləri müşkülə düşəcək. Yaxud, gənc qızlar arxası qapıya dayanıb ayaqqabılarını qapıya doğru atarlarsa və ayaqqabının burnu qapıya tərəf düşərsə, deməli, qız həmin il nişanlanacaq.
Bu gün evlərimizdə açılacaq süfrəyə gəlincə, süfrəyə mütləq yeddi cür nemət düzülməli, yumurta boyanmalı, şamlar yandırılmalıdır. Bir çox bölgələrdə, məsələn, Naxçıvanda, Təbrizdə, Ərdəbildə İlaxır çərşənbəyə "Yeddi ləvin" bayramı da deyilir. Bu sözün mənası "yeddi növ", "yeddi cür nemət" deməkdir. Bu yeddi nemətə səməni, halva, şəkərbura-paxlava, yumurta, meyvələr, qoz-fındıq, meyvə qurusu daxildir. Bu da ona işarədir ki, bütün il boyu süfrəmiz bolluq içərisində olsun.
Bu gün Azərbaycanda da təmtəraqlı qeyd olunacaq. Xalqımızıın milli bayramı olan Novruz Bayramı tədbirləri çərçivəsində Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən bu güb ilaxır çərşənbə münasibətilə Novruz şənliyi təşkil olunacaq. Şənlik milli geyimli 12 atlı süvarinin müşayəti ilə 5 fayton və 6 dəvədən ibarət olan Novruz personajları, musiqiçilər və digər iştirakçıları aparan bayram karvanı səhər saat 10:00-da Qoşa Qala qapısının qarşısından hərəkət edərək Suraxanı rayonu "Atəşgah" məbədinə gedəcək, orada yandırılmış məşəli Qoşa Qala qapısının qarşısındakı "Gənclər meydanı"na gətirəcək və bu odla bayram tonqalı alovlandırılacaq.
Qeyd edək ki, "Gənclər meydanı"nda saat 18:20-dən bayram konserti başlayacaq və saat 20:00 -da atəşfəşanlıq olacaq.
Məlumat üçün bildirək ki, bu səbəbdən 12 mart 21:00-dan 13 mart saat 23:00-dək İstiqlaliyyət küçəsinin Azərbaycan prospekti ilə kəsişdiyi yerdən Qoşa Qala qapısının qarşısındakı "Gənclər meydanı" istiqamətində nəqliyyatın hərəkəti dayandırılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB