Politoloq: “Naxçıvan görüşü bir sıra problemlərin çözülməsinin açarı oldu”

Politoloq: “Naxçıvan görüşü bir sıra problemlərin çözülməsinin açarı oldu”

"Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşü həm regional, həm də beynəlxalq baxımdan əhəmiyyətli bir görüş idi". Politoloq Elman Nəsirli SİA-ya açıqlamasında deyib ki, görüşün hər üç ölkə tərəfindən dəstəklənməsi tərəflər arasındakı münasibətlər baxımından vacibdir.

Onun sözlərinə görə, eyni zamanda üçtərəfli görüşün İrana qarşı təhdidlərin artdığı bir zamanda baş verməsi region üçün prinsipial əhəmiyyətə malikdir: "Öncə nazirlərin qəbul etdiyi bəyanata toxunmaq istərdim. Bəyanatda İran-Türkiyə, eləcə də İran-Azərbaycan arasında baş verən narazılıqların aradan qaldırılması, münasibətlərin inkişaf etdirilməsi ilə bağlı fikirlər mövcuddur. Bu bəndin olması müsbət məqamlardan biridir. Çünki cari ilin əvvəlindən İran və Azərbaycan arasında soyuqluq mövcuddur. Məhz Naxçıvan görüşü bir sıra problemlərin çözülməsinin açarı oldu".

Politoloq hesab edir ki, region ölkələrinin mövcud problemləri özlərinin həll etmək istəməsi müsbət haldır. Ancaq regiona marağı ölkələri də nəzərə almaq lazımdır: "Regiona marağı olan ölkələr üçtərəfli görüşü qısqanclıqla qarşılaya bilər. Çünki,təsir mexanizminin əldən çıxma ehtimalı var. Həmçini tərəflərin öz ərazilərinin düşmənçiliyə gətirib çıxara bilən hər hansı bir təhdid və ya fəaliyyət üçün istifadə edilməsinə heç bir halda icazə verməyəcəkləri barədə qətiyyətli olduqlarını ifadə etməsi xarici qüvvələrin gücünü tam sarsıda bilər və İrana rahatlıq gətirər. Eyni zamanda İranın çətin vəziyyətdə olduğunu nəzərə alsaq, Azərbaycana qarşı soyuq münasibətləri dayandırmalıdır. Türkiyə isə İranla Qərb dünyası arasında vasitəçilik missiyasını öz üzərinə götürüb. Məhz bu zəmində bu görüşlər İrana hava kimi lazımdır".

Bütün xəbərlər Facebook səhifəmizdə