Azərbaycan Prezidenti Fransanın mədəniyyət və kommunikasiya nazirini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Fransa Respublikasının mədəniyyət və kommunikasiya naziri Frederik Mitteranın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
SİA-nın rəsmi mənbələrə istinadən verdiyi məlumata görə, dövlətimizin başçısı Azərbaycan ilə Fransa arasında əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən mədəniyyət sahəsində uğurla inkişaf etdiyini vurğulayıb. Mədəniyyətlə bağlı keçirilən çoxsaylı tədbirlərə toxunan Prezident İlham Əliyev əlaqələrimizin sürətli inkişafında bu tədbirlərin önəmini qeyd edib.
Dövlətimizin başçısı Azərbaycanın Fransada təqdimatı çərçivəsində mədəniyyət sahəsi ilə bağlı keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb. Prezident İlham Əliyev Bakıda təşkil olunacaq sərginin də bu sahədə əlaqələrimizin daha da möhkəmləndirilməsinə xidmət edəcəyini deyib. Dövlətimizin başçısı Fransa Respublikasının mədəniyyət və kommunikasiya naziri Frederik Mitteranın ölkəmizə səfərinin əməkdaşlığımızın daha da genişləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.
Ölkəmizə səfərindən məmnunluğunu bildirən Fransa Respublikasının mədəniyyət və kommunikasiya naziri Frederik Mitteran deyib: "Cənab Prezident, qəbula görə Sizə minnətdaram, atanız Heydər Əliyevin layiqli davamçısı kimi Sizinlə görüşümdən böyük şərəf duyuram".
Nazir Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın mədəniyyət sahəsindəki fəaliyyətini yüksək qiymətləndirərək onun təşəbbüsü ilə Fransada keçirilən təqdimat tədbirlərinin Azərbaycanın tanınmasında böyük rol oynadığını qeyd edib. Bakıda keçiriləcək "Fransa inciləri. Fransız incəsənəti Renessansdan bu günədək" sərgisinin də Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə təşkil olunduğunu vurğulayan Frederik Mitteran ölkələrimiz arasında mədəniyyət sahəsində əməkdaşlığın bir sıra istiqamətlərdə genişləndirməyin zəruriliyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB