Mübariz Qurbanlı: “İnsan və hüquq azadlıqları ilə bağlı Azərbaycanda ciddi işlər görülməkdədir” - MÜNASİBƏT

Mübariz Qurbanlı: “İnsan və hüquq azadlıqları ilə bağlı Azərbaycanda ciddi işlər görülməkdədir” - MÜNASİBƏT

"Bu gün Azərbaycan cəmiyyətində insan hüquq və azadlıqlarının qorunması istiqamətində çox böyük işlər görülür". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin bugünkü iclasında Ombudsman Elmira Süleymanovanın hesabat xarakterli məruzəsinə münasibət bildirən millət vəkili Mübariz Qurbanlı deyib.

O bildirib ki, hakimlər bu istiqamətdə beynəlxalq miqyasda əldə olunmuş təcrübəni və beynəlxalq miqyasda qoşulduğu konvensiyalara əməl edərək, siyasət həyata keçirir: "Bir faktı qeyd edim ki, 2011-ci ilin sonlarında ölkə prezidenti sərəncam imzalayıb. Həmin sərəncamda Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırmaq sahəsində Milli Fəaliyyət Proqramı təsdiq edilib və hazırda bu proqramı ilə əlaqədar işlər genişlənməkdədir. İnsan hüquq və azadlıqları geniş anlayışlardır və universal xarakter daşıyır. Dünyanın demokratik ölkələrində insan və hüquq və azadlıqlarının daha da inkişaf etdirilməsi istiqamətində işlər görülməkdədir. O cümlədən BMT, Avropa Şurası, ATƏT və s. təşkilatlar səviyyəsində insan və hüquq azadlıqlarının daha da inkişaf etdirilməsi üçün lazımı sənədlər qəbul edilib. Azərbaycanda da bu sahədə ciddi işlər görülməkdədir".

Məruzədə qeyd olunduğu kimi ötən illərlə müqayisədə şikayətlərin istiqamətinin də dəyişdiyini görməkdəyik, - deyən millət vəkilinin sözlərinə görə, bütün bunlar Azərbaycanın sosial-iqtisadi həyatında baş verən müsbət dəyişikliklərlə bağlıdır: "Çünki cəmiyyət inkişaf etdiyi üçün, insanların narazılığı da azalıb, şikayətlər məhdud səviyyəyə enib. Bir məsələni də qeyd etmək istəyirəm ki, bu gün yerlərdə dövlət qurumlarında insanların bu və ya digər şikayətlərinə vaxtında diqqət yetirilmədiyi təqdirdə onlar ya Milli Məclisə, yaxud onların seçdiyi deputatlara, insan hüquqları üzrə müvəkkilə müraciət edirlər. Bəzi hallarda vətəndaşların şikayətlərinə baxılmadıqda, onlar yuxarı instansiyalara müraciət etmək məcburiyyətində qalırlar".

Mübariz Qurbanlı onu da diqqətə çatdırıb ki, bütövlükdə dünya ölkələrinə nəzər saldıqda insan hüquq və azadlıqları ilə əlaqədar hər hansısa bir ölkəni ideal səviyyədə təsvir etmək mümkün deyil, çünki insan hüquq və azadlıqları ilə bağlı problemlər hətta ən inkişaf etmiş ölkələrdə belə mövcuddur və bu ölkələrdə də bu istiqamətdə işlər görülür.

Bütün xəbərlər Facebook səhifəmizdə