Azərbaycanın Britaniyadakı səfiri Mühafizəkar Partiyasının Xarici Əlaqələr Şurasında çıxış edib

Azərbaycanın Britaniyadakı səfiri Mühafizəkar Partiyasının Xarici Əlaqələr Şurasında çıxış edib

Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov Böyük Britaniyanın Mühafizəkar Partiyasının Xarici Əlaqələr Şurasının dəvəti ilə sözügedən Şurada çıxış edib. Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən SİA-ya verilən məlumata görə, Azərbaycanın xarici əlaqələrinə həsr edilmiş çıxışda Şuranın üzvləri, Mühafizəkar partiyanın xarici məsələlərə maraq göstərən fəalları iştirak ediblər. Şuranın hər ay təşkil etdiyi belə tədbirlərdə Londonda akkreditə olunmuş xarici ölkə səfirləri, həmçinin ölkənin nüfuzlu ictimai-siyasi xadimləri çıxış edirlər.

Səfir öz çıxışında bu ilin ölkəmiz üçün əlamətdar olduğunu, Azərbaycanın BMT TŞ-də qeyri-daimi üzv kimi fəaliyyətə başladığını qeyd edib. TŞ-yə üzvlüyü ölkəmiz üçün böyük diplomatik uğur və məsuliyyətli iş adlandırıb.
Çıxışında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan səfir Qafqazda erməni məsələsinin ortaya çıxması, ötən əsr ərzində bu məsələnin inkişaf mərhələləri və Dağlıq Qarabağ ətrafında baş vermiş müharibəyə diqqət çəkib. Ermənistanın işğalçı siyasətinin nəticəsi kimi hazırda bir milyon azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətində yaşadığını, Azərbaycanın 20% ərazisinin işğal altında olduğunu qeyd edib. 1994-cü ildən etibarən Minsk Qrupu çərçivəsində sülh danışıqlarının aparıldığı, lakin bu danışıqların problemin həllinə gətirib çıxarmadığı vurğulanıb.
Azərbaycanın xarici siyasətin əsas istiqamətlərindən bəhs edən səfir, Azərbaycanın son 20 il ərzində Avro-Atlantik strukturlara inteqrasiya istiqamətində böyük uğurlar qazandığını, bir sıra nüfuzlu təşkilatlarda qurumlarda Azərbaycanın təmsil olduğu bildirilib. O, Azərbaycan və Böyük Britaniya arasındakı ikitərəfli əlaqələri dinamik və əhatəli kimi səciyyələndirərək, istər siyasi əlaqələr, istərsə də iqtisadi sahədə geniş imkanların mövcud olduğunu nəzərə çatdırıb. Azərbaycan iqtisadiyyatında Böyük Britaniyanın aparıcı xarici sərmayədar olmasından bəhs etmiş, regional əhəmiyyətli enerji layihələrinin icrasında Britaniya şirkətlərinin öncül rolunu vurğulayıb. Qeyri-neft sektorunun inkişafını prioritet istiqamət elan edən ölkəmizlə Britaniya arasında bu çərçivədə faydalı əməkdaşlıq imkanlarının olduğu, maliyyə xidmətləri, bank sektoru,
konsaltinq xidmətləri, infrastruktur kimi sahələrdə Britaniya şirkətlərinin maraq göstərdiyi diqqətə çatdırılıb.
Ardınca tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Çıxışın mətni Şuranın internet səhifəsində yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə