Azərbaycan Prezidenti Pakistan Senatının sədr müavinini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Pakistan İslam Respublikası Senatının sədr müavini Mir Can Camalinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı Azərbaycan ilə Pakistan arasında dostluq və tərəfdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini vurğulayıb. Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı ölkəmizə verdiyi davamlı dəstəyə və Pakistan parlamentinin Xocalı faciəsini soyqırımı kimi tanımasına görə Pakistan İslam Respublikasına minnətdarlığını ifadə edib.
Prezident İlham Əliyev əməkdaşlığımızı bütün istiqamətlərdə, o cümlədən parlamentlərarası əlaqələr sahəsində daha da möhkəmləndirməyin önəmini qeyd edib. İqtisadi sahədə əməkdaşlığımıza toxunan dövlətimizin başçısı Azərbaycan-Pakistan Hökumətlərarası birgə iqtisadi komissiyanın fəaliyyətini intensivləşdirməyin zəruriliyini bildirib. Dövlətimizin başçısı Azərbaycan ilə Pakistanın beynəlxalq təşkilatlarda bir-birilərini daim dəstəkləmələrini bir nümunə kimi dəyərləndirib.
Pakistan İslam Respublikası Senatının sədr müavini Mir Can Camali ölkəmizə ilk dəfə 1993-cü ildə səfər etdiyini və ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atdığını ehtiramla xatırlayıb. O, ötən dövr ərzində Azərbaycanda çox böyük inkişaf proseslərinin şahidi olduğunu deyib. Mir Can Camali ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı Azərbaycanın mövqeyini bundan sonra da dəstəkləyəcəyini bildirib. O, ölkələrimiz arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi və parlamentlərarası əlaqələr sahəsində daha da genişləndirməyin zəruriliyini qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB