Azərbaycan Prezidenti: “Uğurlarımızın təməlində düşünülmüş iqtisadi siyasətdir, iqtisadi islahatlardır”
Dünyada neftlə zəngin olan kifayət qədər çox ölkələr vardır. Bizdən qat-qat çox neft, qaz hasil edən, ixrac edən ölkələr vardır. Ancaq heç də hər bir ölkədə iqtisadi inkişaf bizdəki kimi sürətli deyildir. Bu sözləri "Baku Expo" Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı Azərbaycan prezidenti İlham Əliyev deyib.
SİA-nın verdiyi məlumata görə, dövlət başçısı bildirib ki, uğurlarımızın təməlində düşünülmüş iqtisadi siyasətdir, iqtisadi islahatlardır: "Bu islahatlar dünya birliyi tərəfindən qiymətləndirilir. Dünyanın aparıcı iqtisadi qurumları Azərbaycanda gedən prosesləri dəstəkləyir, qiymətləndirir və bəzi hallarda bizdə gedən prosesləri heyranlıqla müşahidə edir. Böyük reytinq agentlikləri inkişaf etmiş ölkələrin kredit reytinqlərini aşağı salırlar, Azərbaycanın kredit reytinqlərini qaldırırlar. Böhranlı illərdə ən aparıcı beynəlxalq maliyyə qurumları Azərbaycanda gedən islahatları yüksək qiymətləndirirlər".
Prezident qeyd edib ki, 2011-ci il də ölkəmizin inkişafı üçün uğurlu il olub: "2011-ci ilin xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, Azərbaycanda qeyri-neft sektoru sürətlə artmışdır. Əgər ümumi iqtisadi inkişaf təqribən 1 faiz ətrafında, bəlkə ondan da az idi, qeyri-neft iqtisadiyyatımızın inkişafı isə 10 faizdən çox olmuşdur. Bax, budur bizim vaxtilə qəbul etdiyimiz proqramların nəticəsi. Bizim məqsədimiz məhz bundan ibarətdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB