Türkiyə Böyük Millət Məclisinin plenar iclasında Xocalı soyqırımı müzakirə olunub

Türkiyə Böyük Millət Məclisinin plenar iclasında Xocalı soyqırımı müzakirə olunub

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədr müavini Məhmət Sağlamın sədrliyi ilə fevralın 28-də keçirilmiş plenar iclasda Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı müzakirələr olub. İclasda Türkiyə Baş nazirinin müavini Bülənt Arınç, nazirlər iştirak ediblər.

M.Sağlam plenar iclasda iştirak edən Azərbaycan Milli Məclisindən nümayəndələrini salamlayıb.

Qeyd edək ki, Azərbaycandan Xocalı Soyqırımı ilə bağlı müzakirələri millət vəkili, Azərbaycan-Türkiyə Dostluq qrupunun üzvü Qənirə Paşayeva izləyib. Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək TBMM də Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov və millət vəkili, Qənirə Paşayeva ilə görüşüb. Görüş zamanı Xocalı Soyqırımı, Daglıq Qarabağ münaqışəsi ətrafında fikir mübadiləsi aparılıb. Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu və olacağını bildirib.

TBMM-də keçən müzakirələr zamanı çıxış edən Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Sinan Oğan deyib ki, 10 günə yaxındır Xocalı qətliamı ilə bağlı Türkiyənin bütün şəhərlərində milyonlarla insan öz həmrəyliyini bildirib, bu soyqırımının günahkarlarının cəzalandırılmasını tələb ediblər. Türkiyə parlamentinin Xarici əlaqələr Komissiyası da Xocalı qətliamı ilə bağlı bəyanat verib. Lakin Meksika və Pakistan parlamentləri kimi, TBMM də Xocalını soyqırımı kimi tanımalıdır. Əgər biz bu qətliamı soyqırımı olaraq tanımasaq, küçə və meydanlara ermənilərin viran qoyduqları və qətliam törətdikləri yerlərin adını qoymasaq, o zaman türk xalqına qarşı törədilmiş bu vandalizm aktları unudulacaqdır.

Ədalət və İnkişaf Partiyası (AKP) adından çıxış edən elm, sənaye və texnologiya naziri Nihat Ergün deyib ki, müharibənin də bir hüququ vardır. Əcdadımız müharibədə qadın, uşaq və aman diləyənlərə toxunmayıb. Onlar fəth etdiyi torpaqlarda bu səbəbdən sevgi ilə qarşılanıblar. Lakin bəşər tarixində bunun əksi də mövcuddur. Anadoluda yaşayan ermənilər də təhrik olunub, hələ keçən əsrdə türklərə qarşı qətliamlar törədiblər. İyirmi il bundan əvvəl Xocalıda baş verən qətliam da bəşər tarixində bir bəşəri cinayət və qara ləkə kimi qalıb. Bir ordu qarşısında silahlı güc olmadığı halda dinc insanlara odlu silahla atəş açıb, onları vəhşicəsinə qətlə yetirib. Xocalıda törədilmiş qətliam təkcə qardaş Azərbaycana deyil, bəşəriyyətə qarşı cinayətdir. Bəşəriyyət bu qanlı hadisədən dərs çıxarmalı, nifrətdən bəslənən zehniyyətin necə ağır fəsadlar törədəcəyini anlamalıdır.

N.Ergün vurğulayıb ki, dünya ictimaiyyətinin bu qətliama və işğala qarşı münasibəti də düşündürücü olmaqla yanaşı, gələcəkdə bu cinayətlərin təkrarlanmasına rəvac verməkdədir. Xocalı qətliamı kimi cinayətlərin cəzasız qalmasından güc alanlar daha ağır cinayətlər törədə bilərlər. Türkiyə bu məsələdə Azərbaycana olan dəstəyi davam etdirəcəkdir. İstanbulda qeyri-hökumət təşkilatlarının təşkil etdiyi yürüş, parlamentin Xarici əlaqələr Komissiyasının qərarı bunun bariz nümunəsidir. Biz Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləmişik və buna davam edəcəyik.

Cümhuriyyət Xalq Partiyasının üzvü Əli Özgündüz bu qətliamın beynəlxalq hüquqa görə bir soyqırımı olduğunu deyib. Xocalı qətliamı BMT-nin Konvensiyasına görə, bir soyqırımıdır. Biz Xocalını unutmadıq və unutdurmayacağıq. İnşallah, Azərbaycan torpaqları azad olunduqdan sonra biz Qarabağda da bu faciənin qurbanlarının xatirəsini yad edəcəyik.

Milliyətçi Hərəkat Partiyası (MHP) adından çıxış edən deputat Atilla Kaya isə deyib ki, Xocalı XX əsrin ən dəhşətli qətliamlarından biridir. Bu qətliamın səbəbi isə, Ermənistan dövlətinin, ermənilərin kin və nifrət siyasətidir. Hələ, SSRİ-nin dağılmasından öncə Ermənistan parlamenti bir iclasında 250 min Azərbaycan türkünün öz torpaqlarını tərk etməsi üçün qərar qəbul etmişdi. Beləliklə, bu insanlar doğma yurd-yuvasından didərgin salınıblar. Bütün bu proseslər Ermənistan hökumətinin kin siyasətinin nəticəsidir. Ermənistan həm də "böyük Ermənistan" yaratmaq xəyalları ilə Türkiyə və Gürcüstandan da torpaq tələb edir. Qonşularına qarşı bu qədər düşmən olan bir ölkə ilə Sürixdə protokolların imzalanması da səhv addım idi. Xocalı qətliamı haqqında Sarkisyan və Köçəryanın ifadələri vardır. Sarkisyan bu vəhşilikləri öz dili ilə, həm də iftixarla anladıb.

A.Kaya MHP-nin erməni məsələsi ilə bağlı təkliflərini səsləndirib. Bunlar Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağ ətrafındakı yeddi rayonu təcili surətdə azad etməsi, qaçqınların öz torpaqlarına qayıtması, ATƏT-in Minsk qrupunun səmərəsiz fəaliyyəti nəzərə alınaraq, bölgə ölkələrinin Azərbaycan ərazisinin 20 faizinin azad olunması üçün hərəkətə keçməsidir. İnşallah, Xocalı da, Dağlıq Qarabağın bütün ərazisi də Azərbaycanın bir parçası kimi qalacaqdır. Bizim milləti "soyqırımı"da ittiham edənlər Xocalıya baxmalı, əsl soyqırımının qiymətini verməlidirlər.

AKP-ni təmsil edən Seyit Sertçelik çıxışında bildirib ki, 20 il əvvəl erməni ordusu dinc insanları vəhşicəsinə qətlə yetirib. Bu, məlum rəqəmlərdir, lakin əslində qətliamın dəhşəti daha çoxdur. Hələ də itkin düşmüş insanların aqibəti bəlli deyildir. "The Times"ın müxbiri Xocalı qətliamı haqqında yazırdı ki, bəzi meyitlər parçalanaraq ətrafa səpələnib. Kiçik qızın meyiti isə dəlik-deşik edilib. Ermənilərin törətdikləri bu qətliamların 150 illik tarixi vardır. Erməni quldur dəstələri Şərqi Anadoluda da dəhşətli qətliamlar törətmişdilər. Xocalı qətliamını ermənilər Qarabağ müharibəsi zamanı baş vermiş hadisə kimi təqdim etsələr də, bu əsl soyqırımı və ağır cinayətdir. Müharibədə dinc insanlar və əsirlərə münasibətə dair Cenevrə sənədləri və protokollarına görə də, Xocalı bir soyqırımıdır. Sarkisyanın ingilis jurnalistinə etirafı da qətliamın bir sübutudur. Təəssüf ki, Qərb ölkələri bu soyqırımına etinasız yanaşmışlar. Dünya ictimaiyyəti bu soyqırımından lazımi dərs çıxarmalıdır.


Bütün xəbərlər Facebook səhifəmizdə