Ermənilərin niyyəti bu dəfə də baş tutmadı - FOTOSESSİYA

Ermənilərin niyyəti bu dəfə də baş tutmadı - FOTOSESSİYA

Erməni diasporunun nümayəndələri Xocalı faciəsinin 20-ci ildönümü ilə əlaqədar İsraildə keçirilmiş konfransın işini pozmağa səy göstəriblər. Fevralın 27-də "Azərbaycan–İsrail" Beynəlxalq Assosiasiyası (Azİz) və Netanya Akademik Kollecinin Strateji Dialoq üzrə S.Daniel Abraham Mərkəzi "İsrail-Azərbaycan Strateji İttifaqı" adlı konfrans keçiriblər.


Tədbirin keçirildiyi binanın foyesində AzərTAc-ın dəstəyi və təşkilatçılığı ilə Xocalı faciəsindən bəhs edən fotosərgi açılıb. Sərgidə Heydər Əliyev Fondunun, Azərbaycan Prezidenti Admnistrasiyasının və Azərbaycan Dövlət Teleqraf Agentliyinin birgə layihəsi əsasında, eləcə də Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin hazırladığı kitablar, bröşürlər, audio-video materiallar da nümayiş etdirilib. Tədbir iştirakçıları faciəni əks etdirən fotoşəkillərə ürəkağrısı ilə baxıb, ermənilərin günahsız insanlara qarşı törətdikləri vəhşiliklərdən heyrətə gəliblər.


Konfransda çıxış edənlər erməni cəlladlarının Azərbaycanın işğal olunmuş ərazilərində, xüsusən də Xocalıda törətdikləri vəhşilikləri qətiyyətlə pisləyiblər. Erməni diasporunun nümayəndələri yerlərindən replika atmaqla konfransın işinə mane olmağa səy göstəriblər. Əvvəlcə onlar fotosərginin təşkilinə etiraz ediblər. Çıxış edənlərin məhz bu şəkillərin təsiri altına düşdüklərini iddia ediblər. Azərbaycan Respublikası Milli Məclisinin deputatı Qənirə Paşayevanın çıxışı erməniləri daha pis vəziyyətdə qoyub. Q.Paşayevanın konkret faktlarla ermənilərin iç üzünü açması, Xocalı soyqırımını törədənlərin adlarını çəkməsi, sərgidə nümayiş olunan foto, video və çap materiallarının əhəmiyyətini qeyd etməsi ermənilərin etirazına səbəb olub. Qüdsdə fəaliyyət göstərən erməni icmasının rəhbəri yerindən səs-küy salaraq onun çıxışını kəsməyə çalışıb. Konfransda iştirak edən digər ermənilərin də ona dəstək verməsi konfrans iştirakçılarının ciddi narazılığına səbəb olub. Azərbaycan diasporunun üzvləri, yerli ictimaiyyət nümayəndələri, akademiyanın tələbələri ermənilərdən zalı tərk etməyi tələb ediblər. Erməni vəhşiliyini pisləyən şüarlar səslənib. Tələbələr və ictimaiyyət nümayəndələri "yaxşı olar ki, sizin əməllərinizi sübut edən fotolara baxıb utanın", "öz vəhşiliyinizi burada da nümayiş etdirməyin", "hamı sizin kimliyinizi, necə vəhşi olduğunuzu bilir", "erməni cəlladları öz layiqli cəzalarını almalıdırlar" və s. şüarlar səsləndiriblər.


Konfrans iştirakçılarının tələbindən sonra ermənilər zalı tərk ediblər. Ermənilər konfransın işini poza bilməyiblər və tədbir davam etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə