Politoloq: "Azərbaycan bu silahları öz müdafiəsi üçün alır"

Politoloq: "Azərbaycan bu silahları öz müdafiəsi üçün alır"

Azərbaycanla İsrail arasında reallaşacaq yeni hərbi layihə əks-sədaya səbəb olub. Söhbət rəsmi Bakının bu ölkədən silah-sursat almaqla bağlı planından gedir. Mütəxəssislər isə hesab edir ki, müharibə şəraitində olan ölkə üçün hərbi avadaqlıqların alınması lazımlıdır.


İsrail mətbuatının məlumatına görə, rəsmi Tel-Əviv Azərbaycana 1,6 milyard dollar dəyərində silah satmağı planlaşdırır. İmzalanması nəzərdə tutulan müqavilə çərçivəsində İsrail Azərbaycana pilotsuz təyyarələr, hava və raket hücumundan müdafiə sistemləri satmağı nəzərdə tutur. İsrail mətbuatının yazdığına görə, müqavilə satılmış silah sistemlərinə texniki xidmət göstərilməsini, eləcə də bəzi sistemlərin Azərbaycanda istehsalının başlaması ilə bağlı texnologiyaların tətbiqini nəzərdə tutur. Müqavilə çərçivəsində Azərbaycan regionda "Heron" tipli silahlı pilotsuz təyyarələri alan ilk ölkə olacaq.


Ekspertlər hesab edir ki, Azərbaycanla İsrail arasında hərbi-texniki sahədə əməkdaşlıq son illərdə daha da intensivləşib. Azərbaycanlı mütəxəssislər İsrail mətbuatında bu silahların İrana qarşı yönəlməsinə dair yazılanların həqiqətə uyğun olmadığını deyirlər.


Politoloq Rasim Musabəyovun fikrincə, bu təyyarələr, kəşfiyyat, rabitə üçün istifadə olunan texnologiyalar və müdafiəni təmin edən texnologiyaların hamısı İsraildə var: "Bunlardan Azərbaycan yararlanmalıdır. Düşünmürəm ki, Azərbaycan bu gün bu silahları İrana qarşı istifadə etmək üçün əldə etsin. Azərbaycan bu silahları İsraildən özümüz üçün, öz müdafiəmiz üçün alır. Əgər İranın Azərbaycana qarşı pis niyyəti yoxdursa, o silahların əldə olunmasından təhlükə görməməlidir".


Hərbi ekspertlər isə hesab edir ki, "Heron" tipli pilotsuz təyyarələr kəşfiyyat xarakterli və müasir hərbi əməliyyatların aparılması zamanı effektivdir. Hərbi ekspert Cəsur Sümərinli deyir ki, bu pilotsuz təyyarələr çox mobil və çevik təyyarələr hesab olunur: "Azərbaycanın hazırki durumunu nəzərə alsaq, yəni müharibə şəratində olan ölkəmiz üçün bu əlverişlidir. İndiyə qədər də Azərbaycan bu silahlardan istifadə edib. Bu təyyarələr kəşfiyyat tipli olmaqla yanaşı, dəqiq zərbələri vurmaq qabiliyyətinə malikdir. Bu pilotsuz təyyarələr Azərbaycan üçün əlverişlidir. Bunu da İranla əlaqələndirmək qətiyyən olmaz".


Qeyd edək ki, İsrail silah istehsalına görə dünyada 4-cü, pilotsuz təyyarələrin buraxılışı üzrə isə Birləşmiş Ştatlardan sonra ikinci yeri tutur.

Bütün xəbərlər Facebook səhifəmizdə