Əli Əhmədov: \"Azərbaycan cəmiyyətinin Minsk qrupunun həmsədrlərinə çox ciddi iradları var\" - MÜNASİBƏT

Əli Əhmədov: \"Azərbaycan cəmiyyətinin Minsk qrupunun həmsədrlərinə çox ciddi iradları var\" - MÜNASİBƏT
Həmsədrlər regiona hər səfərində vədlər səsləndirirlər, amma nəticə etibarı ilə bu vədlərin həyata keçirilməsinin şahidi olmuruq. SIA-nın məlumatına görə, bunu jurnalistlərə hakim Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov bildirib.

"Azərbaycan münaqişənin dinc yolla həll olunmasına tərəfdar olduğunu səslədirib və bu istiqamətdə səfərlər olmalıdır, danışıqlar aparılmalıdır. Bu səbəbdən ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfərinə müsbət yanaşırıq. Amma eyni zamanda Azərbaycan cəmiyyətinin Minsk qrupunun həmsədrlərinə və bütövlükdə Minsk qrupuna çox ciddi iradları var", - o deyib.

Ə.Əhmədov qeyd edib ki, artıq bu il Minsk qrupunun yaradılmasından 20 il ötür və 20 ilə münaqişə nizama salına bilməyib. Sual olunur ki, Minsk qrupu daha neçə il çalışacaq ki, bu münaqişəni həll etsin? Daha neçə il qaçqın düşmüş insanlar münaqişənin həllini gözləməlidir? 20 il ərzində münaqişənin həllinə nail ola bilməyən bir qurum ən azından özünə tənqidi yanaşmağı bacarmalıdır. Minsk qrupu 20 illik fəaliyyətinə yekun vuraraq yenə də vasitəçilik missiyasını yerinə yetirmək istəyirsə münaqişənin həlli üçün vaxt çərçivəsi müəyyənləşdirməlidir.


İlkin Nəcəfov

Bütün xəbərlər Facebook səhifəmizdə