Xocalı soyqırımı Taksim meydanında izdihamlı yürüş-mitinqlə anıldı - FOTOSESSİYA

Xocalı soyqırımı Taksim meydanında izdihamlı yürüş-mitinqlə anıldı - FOTOSESSİYA

Bu gün Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar Türkiyənin İstanbul şəhərinin tarixi Taksim meydanında izdihamlı yürüş-mitinq keçirilib. SİA-nın aldığı mnəlumata görə, qardaş ölkədə 175 mindən çox insan 20 il bundan əvvəl erməni faşistləri tərəfindən törədilmiş Xocalı soyqırımı ilə bağlı Azərbaycanın haqq işinə dəstək vermək üçün İstanbulun mərkəzinə - Taksim meydanına toplaşıb.

Türkiyə hələ bu cür izdihamlı yürüş-mitinq yaşamamışdı. "Bir millət, iki dövlət - Xocalıya ədalət!" şüarı altında Türkiyə vaxtı ilə saat 14.00-da İstanbulun Qalatasaray liseyinin önündən başlayan aksiya Taksim meydanına istiqamət götürüb.

Əllərində Azərbaycan və Türkiyə ilə yanaşı bir çox ölkələrin dövlət bayraqlarını, Xocalıda qətliam törədənləri və onları dəstəkləyənləri, indiyədək Xocalı soyqırımına lazımi siyasi-hüquqi qiymət verməyən, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına göz yuman beynəlxalq təşkilatları qınayan ifadələr yazılmış plakatlar tutan insanlar "Biz hamımız xocalılıyıq", "Xocalıya ədalət!", "Bir millət, iki dövlət", "Erməni yalanlarına son!", "Qarabağ bizimdir, bizim də olacaq!", "Erməni cavab verəcəkdir", "Qəlbimizdə Xocalı", "Azərbaycan xalqı tək deyil!" və s. şüarları səsləndiriblər. Bu möhtəşəm aksiyanın əsas məqsədi 20 ildir susan beynəlxalq ictimaiyyətin diqqətinə dəhşətli cinayətin əsil həqiqətlərini çatdırmaqdır. Azərbaycanın, xocalıların dərdinə şərik olmağa gələn on minlərlə insanın bir amalı vardır: Yer üzündə Xocalı faciəsi kimi cinayətlər təkrarlanmasın! Xocalı qətliamını törədən cinayətkarlar cəzasız qalmasın!

Bu yürüş onu nümayiş etdirib ki, artıq yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğat maşınının iç üzü ifşa olunur və dünya ictimaiyyəti Xocalı həqiqətlərini qəbul etməyə başlayır. Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərar və qətnamələrində əks olunur. Dünyanın 56 ölkəsinin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının VI sessiyasında Xocalı faciəsi insanlığa qarşı cinayət kimi qiymətləndirilmiş və üzv dövlətlər həmin faciəyə siyasi-hüquqi qiymət verilməsinə çağırılıb. Pakistan və Meksikanın parlamentləri tərəfindən bu qətliamın soyqırımı aktı kimi tanınması barədə qətnamələr qəbul olunub. ABŞ-ın və Kanadanın bir sıra ştatları və şəhərləri Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyan qətnamə və proklamasiyalar qəbul edib.

Yürüşün təşkilatçıları Xocalı soyqırımı qurbanlarının xatirəsini anma təşkilatı, dərnəklər, Türkiyədə fəaliyyət göstərən müxtəlif xalqların diasporları, qardaş ölkənin təhsil ocaqlarıdır.

İstanbulda ədalət uğrunda keçirilən aksiyada Azərbaycanın və Türkiyənin deputatları, hər iki ölkənin dövlət və hökumət, diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələri, qardaş ölkənin 35 şəhərindən təmsilçilər, Fransa, İngiltərə, Ukrayna, Qırğızıstan, Türkmənistan və digər ölkələrdən qonaqlar, yerli və xarici KİV-lərin nümayəndələri iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə