Səudiyyə Ərəbistanında Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı silsilə tədbirlər keçirəcək
Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyi Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı silsilə tədbirlər keçirəcək. SİA-nın məlumatına görə, tədbirlər çərçivəsində Ər-Riyad şəhərində yerləşən diplomatik nümayəndəliklərə xüsusi məlumatların ünvanlanması, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrində müvafiq bəyannamənin yayılması üçün müraciət qəbul olunması nəzərdə tutulub.
Fevralın 26-da Ər-Riyad şəhərinin mərkəzində yerləşən "Riyad Sarayı"nın böyük konfrans zalında Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar geniş anma mərasimi keçiriləcək. Bununla bağlı Xocalı faciəsini əks etdirən kitab, CD və fotolardan ibarət guşənin, soyqırımı və erməni terroru haqqında materialların və kinofilmlərin nümayiş etdirilməsi nəzərdə tutulur. Tədbirdə "Xocalı uşaqların gözü ilə" mövzusunda rəsm sərgisinin təşkili, "Xocalıya ədalət" kampaniyası çərçivəsində Azərbaycanda və dünya ölkələrində İslam Konfransı Gənclər Forumu tərəfindən keçirilmiş tədbirlərin fotolarının nümayişi də planlaşdırılır.
Mərasim iştirakçılarına Qarabağ münaqişəsi, xüsusilə də Xocalı soyqırımını əks etdirən disk, kitab və materiallar, faciə ilə bağlı səfirlik tərəfindən hazırlanmış materialların paylanması nəzərdə tutulub.
Qeyd edək ki, tədbirə Səudiyyə Ərəbistanının yüksək rütbəli məmurları və ölkədə fəaliyyət göstərən diplomatik missiyalar, həmçinin KİV nümayəndələri də dəvət ediləcək.
Mərasimdə Xocalı soyqırımını əks etdirən "Məhv edilmiş şəhər" filmi ərəb dilində nümayiş olunacaq.
Tədbir iştirakçılarına Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclik Forumunun (DƏ-İKGF) mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində Azərbaycanda və dünya ölkələrində keçirilmiş tədbirlər və bu kampaniyaya dair internet saytı haqqında məlumat veriləcək, həmçinin onlar bu təşəbbüsə qoşulmağa dəvət ediləcək.
Eyni zamanda tədbir çərçivəsində "Dəyirman" qrupu və Toni Bləkmən (ABŞ) tərəfindən ifa edilmiş "Xocalıya ədalət" klipinin, faciə ilə bağlı məqalələrin və xəbərlərin bu ölkənin KİV-ində yayımlanması da nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB