Paytaxtda və ölkənin rayonlarına gedən magistral yollarındakı vəziyyət açıqlandı

Paytaxtda və ölkənin rayonlarına gedən magistral yollarındakı vəziyyət açıqlandı

Respublika Dövlət Yol Polisi sürücülər və piyadalara müraciət edib. Respublika Dövlət Yol Polisi İdarəsinin (RDYPI) şöbə rəisi Kamran Əliyev SİA-ya açıqlamasında bildirib ki, Bakı və Bakıətrafı yolların buz bağladığından nəqliyyatın hərəkəti üçün təhlükəli vəziyyət yaranıb. Onun sözlərinə görə, RDYPI sürücülərə tövsiyə edir ki, şəxsi avtomobillərindən az istifadə etsinlər: "Zərurət yarandığı halda şəxsi avtomobilləri ilə yola çıxarkən hərəkət sürətini yola və meteroloji şəraitə uyğun seçsinlər. Bu havada sürücülər həmçinin, ara məsafəsinə xüsusi diqqət yetirsinlər".

Şöbə rəisi qeyd edib ki, hava şəraiti ilə əlaqədar olaraq ölkənin rayonlarına gedən magistral yollarında avtomobillərin hərəkətində məhdudiyyətlər yaranmayıb. Onun sözlərinə görə, Bakı-Quba yolunun Quba rayonu ərazisində və İsmayıllı-Muğanlı yolunda, Ağsu aşırımında qar yağsa da, avtomobillərin hərəkətində problemlər yaranmayıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov isə bildirib ki, paytaxt ərazisindəki əksər körpülər, enişli-yoxuşlu yollar buz bağladığı üçün nəqliyyatın hərəkəti üçün əlverişsiz və təhlükəli şərait yaranıb.

Bütün xəbərlər Facebook səhifəmizdə