Milli Məclisin iclası keçirilib

Bu gün Milli Məclisin növbəti iclası başlayıb. SİA-nın xəbərinə görə, əvvəlcə millət vəkili Gövhər Baxşəliyeva İndoneziyanın Palembanq şəhərində İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqının 14-cü sessiyası və 7-ci konfransında iştirakı barədə həmkarlarına məlumat verib.

G.Baxşəliyeva qeyd edib ki, nümayəndə heyətinin rəhbəri kimi o və üzvlər – Sabir Rüstəmxanlı, Mirkazım Kazımov, Cavanşir Paşazadə iştirak ediblər: "Yanvarın 26-27-si qurumun Siyasi və İqtisadi Məsələlər üzrə Daimi İxtisaslaşmış Komitəsinin iclasında Sabir Rüstəmxanlı iştirak edib və Fransa Senatının Türkiyəyə dair son qərarı məsələsini qaldırıb və həmin qərarı kəskin şəkildə tənqid edib. Təklif edib ki, bu məsələ 7-ci konfransın materiallarına salınsın".

Daha sonra gündəliyə təklif olunan məsələlərin müzakirəsinə başlanılıb.

İlk olaraq Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin üzvlüyünə namizədlərin növbəti müddətə təyin olunması məsələsi müzakirə olunub.

Namizədlər barədə Parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.

İdarə Heyətinə daxil olan Alim Quliyev, Vadim Xubanov və Aftandil Babayev səsvermə nəticəsində yenidən AMB İdarə Heyəti üzvlüyünə təyin olunublar.

İclasda Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti keçirən orqanın illik məruzəsi haqqında məsələ də müzakirəyə çıxarılıb.

İllik məruzə ilə bağlı ədliyyə nazirinin müavini, II dərəcəli dövlət ədliyyə müşaviri Vilayət Zahirov çıxış edib.

O qeyd edib ki, ötən il bələdiyyələr tərəfindən qəbul edilən 31 min 974 akt ekspertizadan keçirilməsi üçün Ədliyyə Nazirliyinə göndərilib ki, bu 2010-cu illə müqayisədə 20% çox olub. Ekspertiza aparılarkən aşkara çıxan qanun pozuntularının aradan qaldırılması üçün zəruri tədbirlər görülüb, müxtəlif bələdiyyələrdə yol verilmiş hüquq pozuntularının gələcəkdə təkrarlanmaması məqsədi ilə 3 min 529 tövsiyə verilib.

1646 bələdiyyə aktında hüquq pozuntusuna yol verilməsi aşkar olunaraq onların ləğv edilməsi və ya dəyişdirilməsi təklif olunub. Təkliflərin icrası bələdiyyələr tərəfindən həyata keçirilib.

İclasda "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" qanuna əlavə edilmiş \"Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı\"nda dəyişiklik edilməsi barədə qanun layihəsi, İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi, Cinayət Məcəlləsində dəyişiklik edilməsi, \"Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında\" qanun layihəsi (II oxunuş) müzakirəyə çıxarılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com