Havaların şaxtalı keçməsi Bakı Heyvanat Parkına necə təsir etdi?-REPORTAJ
Bakıda havaların şaxtalı keçməsi insanlarla yanaşı, heyvanlara da təsir edir. Məhz bu səbəbdən Bakı Heyvanat Parkına baş çəkib, buradakı canlıların vəziyyəti ilə maraqlanmaq qərarına gəldik. Parkın direktoru Azər Hüseynovla apardığımız söhbət zamanı bildirdi ki, havaların soyuq keçməsi heyvanat parkınında iş rejiminə mənfi təsir göstərib. Belə ki, bir balaca havalar soyuyan kimi soyuqa dözümsüz heyvanlar üçün isti yatacaq yerlər düzəltməyə məcbur olublar: "İlk əvvəl isti sevər şirlərimizi yeni yataq otaqlarına yerləşdirdik. Hazırda bizim üçün dəyərli olan yaquar, leopard xüsusi ayrılmış yerlərə salınlıb. Qırqovullar açıq yerlərdən üstüörtülü yerlərə aparılıb. Balıqların yerləşdiyi akvariumlar isə yeni istilik sistemilə təchiz olunub".
Lakin şaxtalı hava zooparkda heyvan tələfatından yan keçməyib. Azər Hüseynovun sözlərinə görə, bir neçə gün əvvəl quşlardan biri qəflətən ölüb: \"Əvvəl bunu düşən sərt şaxtalarla əlaqələndirdik, amma apardığımız müayinələr zamanı məlum olub ki, parkda 26 baş olan soltantoyuğundan 3-ü parka yeni gətirilmişdi. Elə ölən quş da yeni gətirilənlərdən biridir. Güman edirik ki, həmin quş buranın iqliminə adaptasiya oluna bilməyib.
Heyvanat Parkının sahibi deyir ki, qış ayları başladığı müddətdə heyvanlar üçün yem tədarükü elə əvvəlcədən görülüb. "Heyvanlar üçün yonca alınıb, dənli bitkilər tədarük edilib. Hazırda heyvanat bağında bolluca ət də var. Bundan əlavə, illanlar üçün siçan, ağ siçovul, dovşan yetişdirilib. Yəni zooparkın yem baxımından problemi yoxdur.
Zooparkı gəzdiyimiz zaman bəzi heyvanların xüsusi ayrılmış yerlərdə saxlanıldığını və çölə buraxılmadığını gördük. Əsasən meymunlar və şirlər öz isti yuvalarına çəkilmişdilər. Bircə canavar və ayılardan başqa. Görünür soyuq Sibirdən gətirilən bu heyvanlar üçün yağan qar onlara öz vətənlərini xatırladır. Digər diqqətimizi çəkən məqamlardan biri də, quşların üzdüyü suyun donması idi. Lakin soyuq suda üzən quşlar üçün hələlik heç bir problemin olmadığı deyildi.
Qeyd edək ki, bu yaxınlarda Bakı Heyvanat Parkı 70 illiyini qeyd edəcək. Bakıda zoopark 1928-ci il 24 dekabrda keçmiş Lunaçarski, hal-hazırkı Nizami parkında yaradılıb. Ancaq zooloji park kimi 1942-ci ildə fəaliyyətə başlayıb..
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB