Elmar Məmmədyarov BƏƏ-nin xarici işlər naziri ilə görüşüb

Elmar Məmmədyarov BƏƏ-nin xarici işlər naziri ilə görüşüb

Nazir Elmar Məmmədyarov ölkəmizdə işgüzar səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Şeyx Abdulla bin Zahid Əl-Nəhyanla görüşüb. XİN-in mətbuat SİA-ya verilən xəbərə görə, görüş zamanı nazir E.Məmmədyarov ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayaraq, iqtisadi sahədə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün böyük potensialın olduğunu bildirib. Nazir E.Məmmədyarov BƏƏ-nin Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyini dəstəkləməsinin Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib.

BƏƏ-nin xarici işlər naziri Əl Nəhyan yenidən Azərbaycanda səfərdə olmaqdan məmnun olduğunu qeyd edərək, ikitərəfli əlaqələrin yüksələn xətlə inkişaf etdiyini vurğulayıb. O, iki ölkə arasında qarşılıqlı investisiyalar üçün əlverişli mühit olduğunu bildirərək, enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

BƏƏ rəsmisi Azərbaycanın erməni silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərinin sülh yolu ilə geri qaytarılması istiqamətində ölkəmizin səylərini tam şəkildə dəstəklədiklərini vurğulayıb.

Görüş zamanı tərəflər arasında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə